Xəbər verdiyimiz kimi, 10-16 dekabr tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə “Milli klassika” adlı festival keçirilir. İttifaqın 125 illiyinə həsr olunmuş festival Azərbaycan teatrında ümumilikdə milli mədəniyyət məkanında yaradıcılıq proseslərini fəallaşdırmaq, teatrların mübadiləsini təmin etmək və klassik səhnə nümunələrinə geniş meydan vermək məqsədi daşıyır.

Sənət bayramının proqramına 11-i dövlət teatrından olmaqla ümumilikdə 13 tamaşa daxil edilib. Teatrsevərlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbələrinin (kurs rəhbərləri Xalq artisti Məmmədsəfa Qasımov və Əməkdar artist Yaqut Paşazadə) səhnə işlərini də izləmək imkanı qazanıblar.

Bundan başqa, Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşularaq sonuncu premyeraları olan “Casus” tamaşasını (müəllif Kamal Abdulla) paytaxt teatrsevərlərinə təqdim edəcəklər.

Tamaşalar ATXİ-nin böyük səhnəsində, həmçinin Akademik Opera və Balet Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında və ADMİU-nun səhnəsində oynanılır.

Festivalın ilk günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında F.Əmirovun “Min bir gecə” baleti nümayiş olunub.

Dekabrın 11-də ATXİ-nin böyük səhnəsində festivalın rəsmi açılışı oldu və üç tamaşa nümayiş etdirildi.

İttifaqın sədr müavini Xalq artisti Hacı İsmayılov festival və münsiflər heyəti barədə məlumat verdi.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Rafiq Sadıqov bu kimi tədbirlərin teatr ictimaiyyətinin doğma evi olan ATXİ ilə davamlı ünsiyyətinə təkan verəcəyini bildirdi,təşkilatçılara təşəkkür etdi.

Sonra tamaşaçılar Ağdam Dövlət Dram Teatrının təqdimatında Nəcəf bəy Vəzirovun “Ağakərim xan Ərdəbili” tamaşasına (teatrın baş rejissoru Kərim Həsənovun traktovkasında) baxdılar. 

Ardınca Qax Dövlət Kukla Teatrının Üzeyir Hacıbəyli yaradıcılığına müraciəti – “O olmasın, bu olsun” kukla tamaşası (rejissor Yusif Abdurəhmanov) göstərildi.

Günün son tamaşası Qusar Dövlət Ləzgi Dram Teatrının “Hicran”ı (Sabit Rəhman) oldu.  Rejissor Bağır Əhmədovun klassikləşən nümunəyə özünəməxsus baxışı var idi.

Tamaşaçılar festivala qatılan Gəncə Dövlət Kukla Teatrının Nizami Gəncəvi irsindən hazırladığı “Xeyir və Şər”i (rejissor Fərmail Paşayev) və Füzuli Dövlət Dram Teatrının Nəcəf bəy Vəzirovun yaradıcılığından “Yağışdan çıxdıq, yağmura düşdük” (rejissor Asif Şirinov) tamaşalarını da izlədilər.

Xatırladaq ki, festivalın proqramıda M.F.Axundzadənin “Hacı Qara”, H.Cavidin “Ana”, S.S.Axudovun “Tamahkar” əsərləri kimi klassik nümunələr də daxildir.

H.Cavidin “Ana” dramını iki kollektiv – Şuşa və Gəncə teatrları ayrılıqda festivala təqdim edib və müqayisə baxımından hər iki tamaşanı seyr etmək maraqlı olar.

Peşəkar münsiflər heyətinin qiymətləndirəcəyi tamaşaların mükafatlandırılma mərasimi dekabrın 16-da olacaq.

Həmidə