Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

97 il əvvəl...

18 dekabr 1925-ci ildə Moskvada Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının 14-cü – “Sənayeləşmə qurultayı” başlanıb. Sovet hökuməti ölkədə kütləvi sənayeləşmə kursunu elan edib.

 

76 il əvvəl...

17 dekabr 1946-cı ildə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Milli Hökuməti devirən İran silahlı qüvvələri Təbriz, Ərdəbil, Urmiya, Mərənd və digər şəhərlərdə kütləvi həbs və qırğınlar həyata keçiriblər. Milli hərəkat fəallarına divan tutuldu, yüzlərlə insan həlak oldu, minlərlə güneyli soydaşımız didərgin düşdü. Cənubi Azərbaycan türklərinin mühacir təşkilatları 17 dekabrı “Güney Azərbaycanda milli soyqırımı günü” kimi qeyd edirlər.

 

68 il əvvəl...

19 dekabr 1954-cü ildə Parisdə Avropa Şurası ölkələrinin hökumət başçıları tərəfindən “Avropa mədəniyyət Konvensiyası” imzalanıb. Bu, Avropada inteqrasiya proseslərinə təkan verən ilk sənədlərdən biridir. Konvensiya üzv ölkələrin parlamentlərində ratifikasiyadan sonra 5 may 1955-ci ildə qüvvəyə mindi.

 

36 il əvvəl...

16 dekabr 1986-cı ildə Qazaxıstanda siyasi səciyyəli ilk kütləvi antisovet çıxışı olub. Moskva tərəfindən Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsinə rus Q.Kolbinin təyin edilməsi paytaxt Almatıda tələbələrin kütləvi aksiyasını doğurub. Aksiyalar üç gün sürüb və hərbi qüvvə tətbiqi ilə yatırılıb. Qazaxıstan müstəqilliyini elan edəndən sonra 16 dekabr Milli Dirçəliş Günü kimi qeyd edilir.

 

33 il əvvəl...

16 dekabr 1989-cu ildə Rumıniyanın macarlar yaşayan Timişoare şəhərində Nikolae Çauşeskunun kommunist diktaturasına qarşı üsyan başlayıb. Etiraz çıxışları tezliklə bütün ölkəni əhatə edib. Şərqi Avropadakı “məxməri inqilab”lardan fərqli olaraq Rumıniya inqilabı qanlı toqquşmalarla müşayiət olundu. Çauşesku etirazları yatırmaq üçün qoşun hissələri göndərdi, yüzlərlə insan həlak oldu. Lakin inqilabı yatırmaq mümkün olmadı. Dekabrın 22-də Çauşesku devrildi. 25 dekabrda hərbi tribunalın qərarı ilə o, həyat yoldaşı Elena Çauşesku ilə birlikdə güllələndi.

 

31 il əvvəl...

16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün Azərbaycan Ali Sovetinə müraciət edib. Dekabrın 25-də parlament 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qanun qəbul etdi.

19 dekabr 1991-ci ildə Azərbaycanla Ermənistan arasında dəmiryolu nəqliyyatı tamamilə dayandırılıb. Azərbaycan bu məcburi addımı Ermənistan tərəfin Mehri rayonu ərazisində qatarlara mütəmadi hücumlarına cavab olaraq atmışdı. Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən qatarlara basqınlar 1989-cu ildə başlamış və dəmiryolunda hərəkət dəfələrlə kəsilmişdi.

 

25 il əvvəl...

18 dekabr 1997-ci ildə Prezident Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.

 

19 il əvvəl...

15 dekabr 2003-cü ildə Azərbaycan xalqı Heydər Əliyevlə vidalaşıb. Dəfn mərasimində Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna prezidentləri, Gürcüstanın dövlət rəhbərliyi, digər ölkələrdən nümayəndə heyətləri iştirak edib. Heydər Əliyev Fəxri xiyabanda dəfn olunub.

 

17 il əvvəl...

16 dekabr 2005-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

Hazırladı: V.Orxan