Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin (1957-1992) doğum günündə məzarı ziyarət edilib.
Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirərib, bir müddət rayonda bədən tərbiyəsi müəllimi işləyib.
Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq Azərbaycan Ordusu sıralarına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri olub, sonra tabora komandirlik ona həvalə edilib. Onun başçılıq etdiyi tabor 1992-ci ilin payızında Laçın rayonunun kəndlərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərib. Oktyabrın 3-də Laçının iki kilometrliyində “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Onlar Qubadlıda eyni məzarlıqda dəfn olunublar.
Şəhidin oğlu Emin Əliyev bildirib ki, ermənilər Qubadlını işğalda saxladığı müddətdə Əliyar Əliyevin qəbirüstü daşlarını söküb aparıb. Qubadlı işğaldan azad edildikdən sonra Milli Qəhrəman Əliyar Əliyev və onunla bir yerdə şəhid olan Əlisadət Ağayevin məzarları bərpa olunub.
Şəhidin ailə üzvləri məzarı ziyarət etdikdən sonra Qəzyan kəndində ermənilərin xarabalığa çevirdiyi evlərinə baş çəkiblər.