Quba şəhər İncəsənət məktəbində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) anadan olmasının 130 illiyi qeyd edilib.
Əvvəlcə məktəbin foyesində rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə və Əhməd Bakıxanova həsr edilmiş kitablara baxış olub.
Xaçmaz RMİ-nin rəisi Vüsal Hüseynov çıxış edərək bildirib ki, Əhməd Bakıxanovun yubileyinin dövlət başçısının sərəncamı ilə geniş şəkildə qeyd olunması mədəniyyətimizə, görkəmli incəsənət xadimlərinin xatirəsinə diqqət və qayğının daha bir nümunəsidir.
Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev ustad tarzənin həyat və yaradıcılığından danışıb. Bildirilib ki, Ə.Bakıxanov 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs deyib. Eyni zamanda Azərbaycan Radiosu nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.
Tədbirin bədii hissəsində Quba şəhər musiqi və incəsənət məktəbləri xalq çalğı alətləri ansambllarının, xanəndələr Əlövsət Səlimovun və Kənan Nizamovun ifaları dinlənilib.
Əməkdar artist, tarzən Sahib Paşazadənin çıxışı böyük maraqla qarşılanıb.