Qırğızıstanın Karakol şəhərində “Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı” estafetinin Sankt-Peterburq (Rusiya) şəhərinə verilməsinə həsr olunan “Karakol-2022” adlı təntənəli mərasim keçirilib.
Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus və Qırğızıstanın 50-dən artıq bədii və musiqi kollektivinin iştirak etdiyi tədbirdə ölkəmizi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı uğurla təmsil edib.
“Karakol-2022 – Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı” ilinə yekun vuran şəhərin meri Ermat Cumayev öz çıxışında il ərzində 20-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirildiyini qeyd edib.
Təntənəli hissədən sonra kollektivlərin hazırladıqları bədii proqram təqdim olunub. Konsertdə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının ifasında bəstəkar və xalq mahnıları, Azərbaycan rəqs nümunələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirin sonunda Qırğızıstan Prezidentinin İssık-Kul vilayətindəki səlahiyyətli nümayəndəsi Azərbaycan nümayəndə heyətinə fəal iştiraka görə dərin minnətdarlığını bildirib, Gəncə Dövlət Filarmoniyasının rəhbərliyinə təşəkkürnamə təqdim edib.