Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

105 il əvvəl...

20 dekabr 1917-ci ildə sovet dövlətinin təhlükəsizlik orqanı – Əksinqilab və sabotajla mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (“VÇK”) yaradılıb. Komissiyanın sədri Feliks Dzerjinski təyin edilib. Sonralar qurum müxtəlif adlar altında (“ОQPU”, NKVD”, “KQB”) fəaliyyət göstərdi.

 

75 il əvvəl...

23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Soveti “Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edib. SSRİ Nazirlər Soveti sədrinin müavini, İ.Stalinin “sağ əli” A.Mikoyanın təşəbbüsü ilə qəbul edilən qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli idi. Tarixi yurdunu, ev-eşiyini atıb köçməyə məcbur edilən insanlara ailə başına cəmi 2 ton yük götürməyə icazə verilirdi. Azərbaycanın rəhbəri M.Bağırovun İ.Stalinə müraciətindən sonra bu şərtləri qismən yumşaldan ikinci qərar (10 mart 1948) verildi. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi. Stalinin ölümündən sonra onların bir qismi geri qayıtsa da, 1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı.

 

74 il əvvəl...

23 dekabr 1948-ci ildə Tokioda militarist Yaponiyasının keçmiş hərbi rəhbərləri üzərində qurulan beynəlxalq tribunalın qərarı icra olunub. II Dünya müharibəsində yapon ordusuna rəhbərlik etmiş general Hideki Todzio və daha altı yüksəkvəzifəli hərbçi edam edilib.

 

59 il əvvəl...

21-22 dekabr 1963-cü ildə Kiprdə yunan silahlı dəstələri türk əhalisinə qarşı basqınlar həyata keçiriblər. Afinanın dəstək verdiyi EOKA təşkilatının silahlıları 100-ə yaxın yaşayış məntəqəsində 360-dan çox türkü qətlə yetiriblər. Bu qırğınlar tarixə “Qanlı Milad” adı ilə düşüb. 1960-cı ildə yunan və türk icmalarının təmsilçiliyi ilə qurulan konfederativ dövlət süqut edib.

 

57 il əvvəl...

21 dekabr 1965-ci ildə BMT Baş Assambleyası “Dövlətlərin suverenliyi və müstəqilliyinin qorunması, həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi haqqında” Bəyannamə qəbul edib.

 

33 il əvvəl...

22 dekabr 1989-cu ildə Rumıniyada inqilab nəticəsində ölkənin kommunist rəhbəri Nikolae Çauşesku devrilib. Hakimiyyət “Milli Xilas Cəbhəsi”nin əlinə keçib. Paytaxt Buxarestdən qaçan Çauşesku Tırqovişte şəhərində tutuldu və dekabrın 25-də tələsik qurulan hərbi məhkəmənin qərarına əsasən, həyat yoldaşı Elena ilə birlikdə edam edildi.

 

31 il əvvəl...

21 dekabr 1991-ci ildə Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Bəyannamə imzalanıb. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Azərbaycan, Ermənistan və Moldova 8 dekabrda Rusiya-Ukrayna-Belarus üçlüyünün imzaladığı “Belovejsk sazişi”nə (SSRİ-yə xitam verilməsi) qoşulublar. Azərbaycanda parlament Almatıda Bəyannaməsini ratifikasiya etmədi və ölkəmiz iki il sonra, 1993-cü ilin 24 sentyabrında MDB-yə üzv oldu. Həmin ilin dekabrında Gürcüstan da MDB-yə qoşuldu.

 

30 il əvvəl...

22 dekabr 1992-ci ildə Azərbaycan parlamenti (Ali Sovetin Milli Şurası) dövlət dili haqqında qanun qəbul edib. Qanunda dövlət dilinin “türk dili” kimi qeyd edilməsi alimlər arasında və cəmiyyətdə ziddiyyət doğurdu. 1995-ci ildə qəbul edilən Konstitusiyada dövlət dilinin adı “Azərbaycan dili” olaraq təsbit olundu.

 

23 il əvvəl...

21 dekabr 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında millət vəkili, ARDNŞ-nin 1-ci vitse-prezidenti İlham Əliyev YAP sədrinin müavini seçilib. 2001-ci ildə partiyanın növbəti qurultayında İlham Əliyev YAP sədrinin 1-ci müavini seçildi. 2005-ci ildən partiyanın sədridir.

 

17 il əvvəl...

23 dekabr 2005-ci ildə Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Xəzər sahilində yerə düşüb. Təyyarədə olan 23 nəfər (18 sərnişin, 5 ekipaj üzvü) həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları idi.

Hazırladı: V.Orxan