Azərbaycanın xanım teatr rejissorlarından söz açılanda ilk olaraq o yada düşür. Əməkdar incəsənət xadimi, professor Ulduz Rəfili. Görkəmli sənətkar həm rejissor, həm də pedaqoq kimi milli teatr sənətinin inkişafı yolunda böyük xidmətlər göstərib. Bu il ilk xanım rejissorlarımızdan olan Ulduz Rəfilinin anadan olmasının 100 illiyidir.
15 dekabr 1922-ci ildə Gəncədə məşhur Rəfibəylilər nəslindən olan Saleh Rəfilinin ailəsində bir qız uşağı dünyaya göz açır. Adını Ulduz qoyurlar. O, hələ kiçik ikən ailəyə bədbəxtlik üz verir, atası qəflətən vəfat edir. 12 yaşı olanda nəsilləri sovet rejiminin repressiyasına məruz qalır... Çətin güzəran və dolanışıq üzündən Ulduz 1934-cü ildə bacısı ilə Bakı şəhərinə köçürlər. O, 1938-ci ildə Moskvada yaşayan böyük bacısı Səmayənin yanına gedir. Sənədlərini Sənaye Texnikumuna verir. Sonra Moskva Dəmiryol Nəqliyyatı üzrə Mühəndislər İnstitutunda oxuyur. Eyni zamanda Moskva metropolitenində növbə rəisi vəzifəsində çalışır. II Dünya müharibəsi başa çatandan sonra Bakıya dönür. İndiki Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə daxil olur. Tələbə ikən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında məsləhətçi işləyir. Eyni zamanda Kitabxanaçılıq Texnikumunda müəllim kimi fəaliyyət göstərir.
1952-ci ildə ilk Azərbaycan qadın teatr rejissoru kimi Gənc Tamaşaçılar Teatrının rus bölməsində işə başlayan Ulduz Rəfili 1972-1975-ci illərdə teatrın baş rejissoru olur. Burada Azərbaycan və rus bölmələrində tamaşalar hazırlayır.
Araşdırmalarda qeyd olunur ki, Ulduz Rəfili Gənc Tamaşaçılar Teatrında Azərbaycan və dünya ədəbiyyatı müəlliflərinin 50-dən çox əsərinə quruluş verir.
Teatr sahəsindəki uğurlu fəaliyyətinə görə 1957-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin, 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunur. 1964-cü ildə isə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür.
Rejissorun səhnələşdirdiyi bir çox tamaşalar ümumittifaq festivallarında diplom və mükafatlara layiq görülür. Gənc Tamaşaçılar Teatrının müdiriyyəti 1972-ci ildə respublikanın Mədəniyyət Nazirliyinə sənətkar haqqında təqdim etdiyi xasiyyətnamədə yazıb: “Ulduz Rəfili Azərbaycan teatrının ilk professional qadın rejissoru olaraq 1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. İyirmi illik əmək fəaliyyəti müddətində 50-dən artıq tamaşaya – V.Hüqonun “Qavroş”, “Ümid nəğməsi”, “Hünər”, S.Qədirzadənin “Şirinbala bal yığır”, “Xoruz”, X.Əlibəylinin “Dovşanın ad günü”, C.Məmmədovun “Dan ulduzu”, K.Qoldoninin “İki ağanın bir nökəri”, M.Təhmasibin “Rübailər aləmində”, Anarın “Ötən ilin son gecəsi”, S.S.Axundovun “Qaraca qız” və s. əsərlərə maraqlı quruluşlar verib. Onun qurduğu tamaşalar öz müasirliyi, bədii-ideya xüsusiyyətləri və yaradıcılıq mövqeyi baxımından seçilib. Teatrda gənc aktyorların yetişməsində və dramaturqlarla yeni pyeslərin seçilib repertuara daxil edilməsi işində həmişə aktivdir”.
Pedaqoji sahədə də uğurlu fəaliyyət göstərən rejissor 1975-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında Vokal və opera hazırlığı kafedrasının professoru olub. Tələbkar bir müəllim olan Ulduz Rəfili tələbələrini daim hazırlıqlı olmağa, mənsub olduğu xalqın dəyərlərini dərindən öyrənməyə və dövlətini sevməyə səsləyib. O, bu təhsil ocağında çalışdığı müddətdə S.Raxmaninovun “Aleko”, P.Çaykovskinin “İolanta”, F.Əmirovun “Sevil”, Motsartın “Fiqaronun toyu” və s. əsərləri uğurla səhnələşdirib.
Enişli-yoxuşlu həyat yolu, rəngarəng və maraqlı yaradıcılığı ilə yaddaşlarda əbədiləşən ilk qadın teatr rejissorumuz Ulduz Rəfili 8 yanvar 2006-cı ildə Bakıda vəfat edib.
Savalan Fərəcov