Xəbər verdiyimiz kimi, 13-18 dekabr tarixlərində keçirilən XII Minsk Beynəlxalq Milad Opera Forumunda azərbaycanlı sənətçilər – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev və Sankt-Peterburq Mariinski Teatrının solisti Məhərrəm Hüseynov da iştirak ediblər.
Belarusun Böyük Teatrı təşkil etdiyi ənənəvi sənət bayramında dünya klassik musiqisinin incilərindən P.Çaykovskinin “Yevgeni Onegin”, C.Puççininin “Turandot”, C.Rossininin “İpək nərdivan”, Q.Donisettinin “Sevgi şərbəti” operaları nümayiş olunub.
Dekabrın 14-də “Helikon-Opera”nın (Moskva) təqdimatında “Turandot” operasını dirijor Ə.Quliyev idarə edib. 16 dekabrda isə Belarus Böyük Teatrının “Sevgi şərbəti” tamaşasında Dulkamara partiyasını Məhərrəm Hüseynov ifa edib.
Əyyub Quliyev bildirib ki, “Turandot” tamaşasında əsas partiyaları “Helikon-Opera”nın solisti İvan Qınqazov (tenor) və Belarus Böyük Teatrının aparıcı solistlərindən soprano Anastasiya Maleviç (Turandot) ifa ediblər. Ən mürəkkəb səhnə əsərlərindən olan “Turandot” operasında möhtəşəm orkestr və xorla bərabər, səhnəarxası nəfəs alətləri orkestri, uşaq xoru, ekzotik zərb alətləri və rəqs qrupu da yer alıb. Qısa zamanda baş tutan məşqlərə baxmayaraq tamaşaçılar ifaçıları ayaqüstə alqışlayıblar. Azərbaycanlı dirijor və baş rolların ifaçıları Milad Opera Forumunun diplomları ilə təltif olunublar.
Azərbaycanlı bas-bariton Məhərrəm Hüseynovun baş rolda çıxış etdiyi Q.Donisettinin “Sevgi şərbəti” operası da tamaşaçıların sürəkli alqışlarını qazanıb.
Məhərrəm Hüseynov XII Minsk Beynəlxalq Milad Opera Forumunun qala-gecəsində də səhnəyə çıxıb. O, Özbəkistandan məşhur tenor Ramiz Usmanov, “Metropolitan-Opera”nın (ABŞ) solisti Kristian Benedikt və digər opera teatrlarından dəvət olunmuş vokalçılarla birlikdə çıxış edib.
Səbinə