ATXİ-nin “Milli klassika” festivalı başa çatdı
Bilmirəm, bəlkə elə sizin də arzunuz budur. Xüsusən dünya adlı böyük səhnənin öz “əsərləri” ilə bacarmadığı, baş-ayaq olduğu bu ağır məqamda. Niyə? Çünki teatr, səhnə, ümumiyyətlə, incəsənət insanlığın əbədi sığınaq yeri, xilas bacası olub. Sənət özünün emosional gücünü bütün dövrlərdə göstərə bilir.
Azərbaycan xalqı da bineyi-qədimdən ruhunu, ovqatını sənətə və sənətlə kökləyib. Düzdür, bu bölgüdə musiqi sənəti daha çox öndə olub. Amma teatr, səhnə sənətimiz də böyük yol keçib. Bu gün o yola, o klassik irsə nəzər salanda bunun bir daha əyani şahidi olursan.
10-16 dekabr tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqının 125 illiyinə həsr olunmuş “Milli klassika” festivalı da bu irsə sədaqət məramı ilə təşkil olunmuşdu. Teatrların klassik tamaşa kimi festivala göndərdikləri nümunələrin hamısının bu meyara uyğun gəlməsini söyləyə bilməsək də, bütün hallarda festival, özü də klassikaya hesablanmış sənət müqayisəsi, yarışı maraqlı, alqışlanası addımdır. Məhz bu seçkinlik bu gün klassikadan imtina etməklə müasir dediyi formalara kortəbii özfəaliyyət səviyyəsində yanaşanlar üçün də yaxşı mizan-ölçü idi...
Festivaldan əvvəl də baxdığım, aralarında yenilərinin də olduğu ümumən 13 tamaşa, üstəlik, müsabiqədənkənar bir səhnə işini də izlədim. Ayrıca qənaətlərimə xəsislik etsəm də, bölgədən paytaxta, peşəkardan həvəskara, təcrübəlidən tələbə işinə ümumi ansambl üçün maraqlı cəhdlər az deyildi və bu barədə təyində əsasən “işıq gələn tərəf” ağır basır.
Dekabrın 16-da festivalın bağlanış mərasimi oldu. Bağlanışdan öncə dahi Hüseyn Cavidin “Ana” mənzum dramına Şuşa Dövlət Musiqili və Gəncə Dövlət Dram teatrlarının fərqli və maraqlı quruluşlarında baxdıq. Ardınca isə mükafatlandırma mərasimi reallaşdı.
Teatr ictimaiyyətinin təmsil olunduğu tədbirdə çıxış edən ATXİ-nin sədr müavini Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov möhtəşəm sənət bayramı münasibətilə teatrsevərləri təbrik etdi, teatr festivallarının Azərbaycanın mədəniyyət tarixində əhəmiyyətli rolundan danışdı. Dedi ki, bu cür layihələr teatra kütləvi marağına, eləcə də ayrı-ayrı teatrlarda çalışan yaradıcı insanların dialoquna töhfə verir.
Festivalın yekunları barədə məlumat verən Xalq artisti qeyd etdi ki, sənət bayramında 11 teatr və 1 təhsil ocağı 13 tamaşa nümayiş etdirib. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulub. Tanınmış teatr mütəxəssislərindən Xalq artistləri Ramiz Fətəliyev (sədr), Hacı İsmayılov, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Əməkdar artist Azad Şükürov, teatrşünaslar Aida Qafarova, Dağlar Yusifov, aktyor-pedaqoq Məhəmməd Verdiyevdən ibarət münsiflər heyətinin qızğın müzakirələri nəticəsində festivalın nəticələri müəyyən olunub.
Tədbir iştirakçıları festival çərçivəsində oynanılan tamaşalardan parçaları əks etdirən videoçarxa da baxdılar. Ardınca ayrı-ayrı nominasiyalar üzrə bütün iştirakçılar mükafatlarına qovuşdular.
İlk olaraq “Ən yaxşı tamaşa” nominasiyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının “Min bir gecə”si (F.Əmirov) seçildi. “Ən yaxşı kukla tamaşası” isə Azərbaycan Dövlət Kukla Teatrının “Məlikməmməd” nağıl-tamaşası oldu.
“Ən yaxşı aktyor oyunu” nominasiyasının mükafatını Ağdam Dövlət Dram Teatrının aktyoru və baş rejissoru Kərim Həsənov N.Vəzirovun “Ağakərim xan Ərdəbili” tamaşasındakı baş roluna görə aldı.
“Milli klassik poeziyanın səhnə həlli”ndə Gəncə Dövlət Kukla Teatrının “Xeyir və Şər”i fərqləndi. “II dərəcəli rolun uğurlu ifaçısı” nominasiyasının qalibi isə Əməkdar artist Asif Şirinov oldu. O, Füzuli Dövlət Dram Teatrının “Yağışdan çıxdıq, yağmura düşdük” (N.Vəzirov) tamaşasındakı Cəbi obrazına görə təltif edildi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istedadlı tələbə-aktyorları da mükafatsız qalmadılar. “Milli klassik dramaturgiyada yeni forma axtarışları” nominasiyasında “Şeytan müsafirləri” (M.F.Axundzadənin əsərləri əsasında), “Uğurlu plastik həll”də isə “Tamahkar” (S.S.Axundov) tamaşaları seçildilər.
Münsiflər heyətinin xüsusi diplomları isə Sumqayıt Dövlət Dram Teatrının “Hacı Qara”sına (M.F.Axundzadə), Şuşa Dövlət Musiqili Dram və Gəncə Dövlət Dram teatrlarının “Ana” tamaşalarına (H.Cavid) nəsib oldu.
Qax Dövlət Kukla Teatrının “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), Qusar Dövlət Ləzgi Dram Teatrının “Hicran” (S.Rəhman) tamaşaları da festivaldan münsiflər heyətinin xüsusi diplomu ilə qayıtdılar.
Lənkəran Dövlət Dram Teatrının “Casus”u (K.Abdulla) isə müsabiqədənkənar tamaşa kimi təşəkkürnamə ilə təltif edildi.
Özünü geniş tamaşaçı auditoriyasında, həm də teatr mütəxəssisləri qarşısında yenidən nümayişə çıxaran teatr və teatr təmsilçilərinin növbəti teatr bayramı da tarixə qovuşdu.
Həmidə Nizamiqızı