Bəşər övladı qədim zamanlardan gün, ay və il üzərində müəyyən təbii bölgülər aparıb. Bu bölgünün əsasında təbiətdə baş verən dəyişikliklər və insanların həmin proseslərə münasibəti dayanır.
Xalq təqviminə görə, qış fəsli şərti olaraq üç hissəyə bölünür: dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə, yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə, fevralın 20-dən martın 20-dək isə Boz ay adlanır. Hər il dekabrın 21-də Yer qış günəş duruşu nöqtəsindən keçərkən fəsil dəyişikliyi baş verir. Yəni payız öz yerini qışa ötürür. Dekabrın 21-i həm də gecənin ən uzun, gündüzün isə ən qısa olduğu vaxtdır. Həmin gündən gecələr yavaş-yavaş qısalmağa, gündüzlər isə uzanmağa başlayır. Bu, martın 21-dək davam edir, həmin gün isə yaz gecə-gündüz bərabərliyi hadisəsi baş verir.
Artıq Böyük çillənin ilk günləridir. Deməli, qış fəsli ölkəmizə qədəm qoyub. Xalqın inancına görə, Böyük çillə qışın ən sərt 40 gününü əhatə edir. Qar insanlarda bolluq-bərəkətə inam yaratsa da, havaların şaxtalı, çovğunlu olması bir tərəfdən səhhətimizdə, əmək fəaliyyətimizdə müəyyən problemlər yaradır. Buna görə də Böyük çillə soyuq, ağır günlər kimi yadda qalır. Bəzən Böyük çillədə havalar gözlənilən səviyyədə soyuqla, qar-boranla özünü göstərmir. Cəmi iyirmi gün ömrü olan Kiçik çillə daha dözülməz, şaxtalı-boranlı keçir.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirir ki, Böyük çillə gecəsi bir çox rayonlarda təmtəraqla qeyd edilir. Qədim türklərin inancına görə, bayramın əsas ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Həmin gecə xeyirlə şər güclü mübarizə aparır. O zaman çoxlu qar yağarsa, sonrakı fəsillərdə məhsulun bol olacağını düşünərlər. İnanclara görə, bahar öz barını-bərəkətini qışdan alır. Qış nə qədər qarlı olarsa, bahar da bir o qədər bol-bərəkətli, məhsullu olar.
Folklorşünas çillə axşamı qarpız kəsmək kimi dədə-baba adət-ənənəsinin bu gün də yaşadıldığını deyir. Vurğulayır ki, çillə axşamı ailə üzvləri, qohum-əqrəba bir yerə yığışar və ilin ən uzun gecəsini süfrəyə düzülmüş çoxlu meyvə, şirniyyat, quru meyvələr, çərəzlər, meyvə şirələri və əsasən də xəmirdən hazırlanmış xörəklərlə qeyd edərlər. Bu gecənin ən əhəmiyyətli atributlarından biri də qarpızdır. Hər bir ailə həmin gecə mütləq bir qarpız kəsməyə çalışar. Bu qarpızı isə hələ bir neçə ay əvvəldən, qarpız mövsümünün sonlarından xüsusi olaraq çillə üçün saxlayarlar. Çillə qarpızı xüsusi növ qarpızdır, qabığı qalın olduğu üçün soyuğadavamlı olur və uzun müddət saxlamaq olur. Onu tayalarda samanın, otun içərisində və ya zirzəmilərdə saxlayırlar. Çillə axşamı süfrəyə ən sonda qarpız gətirilir və ailənin ağsaqqalı, böyüyü tərəfindən kəsilərək dilimlənir və paylanılır. Əgər çillə üçün bir neçə qarpız saxlanılıbsa, o zaman onlar kəsilib pay göndərilir. Bu adət həm də qohum-əqrəba, qonşular arasında mehribanlığı, qohumluq bağlarının möhkəmliyini də göstərir.
Adət üzrə nişanlı qızların, təzə gəlinlərin Çillə bayramına da gedirlər. Aparılan xonçalar içərisində çillə qarpızı xüsusi yer tutur. Qarpız xonçasına dəstəyinə qırmızı lent bağlanmış bir bıçaq da qoyulur. Qarpız oğlan evindən aparılan həmin bıçaqla kəsilir və sonra bıçaq oğlan evinə qaytarılır. Yeni ailə quran gənclərə isə qızın valideynləri tərəfindən qarpız pay göndərilir.
Çillə axşamı bəzi rayonlarda niyyət mərasimi də icra olunur. Çillə qarpızının baş tərəfi kəsilərək dörd yerə bölünür. Niyyəti tutan şəxs qarpızın kəsilən həmin dörd tikəsini başının üstündən arxaya atır. Əgər ikisi ağ və ikisi də yaşıl olarsa, demək ki, niyyət qəbul ediləcək. Yox əgər hamısı yaşıl və ya üçü yaşıl biri ağ, ya da üçü ağ biri yaşıl olarsa, hesab olunur ki, niyyət baş tutmayacaq. Çillə qarpızının içinin tünd-qırmızı və ya ağlı-qırmızılı olması da qışın sərt və ya mülayim keçəcəyinə yozular. Həmin gün kəsilən qarpızın tumlarını toxumluq götürərlər və inanca görə, bu tumlardan gələn il bol məhsul alınar.
İlin bütün fəsilləri gözəldir. Bu gözəlliyi hiss etmək üçün sağlamlıq və xoş əhvali-ruhiyyə birinci şərtdir. Böyük çillə böyük sıxıntılar deyil, xoş günlər gətirsin...
F.Yunisli