Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fakültəsinin yaradılması üzrə işlər aparılır.
Bu məsələ AMM-in direktoru Samir Abbasovun universitetinin rektoru Gülçеhrə Rixsiyeva ilə görüşündə müzakirə olunub.
Gülçеhrə Rixsiyeva dövlət başçılarımızın səyləri nəticəsində ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə qaldırıldığını və təhsil sahəsində əməkdaşlıqda da son zamanlar irəliləyişin əldə olunduğunu qeyd edib. O, universitetdə Türkologiya fakültəsinin 2020-ci ildə yarandığını və uğurla fəaliyyət göstərdiyini vurğulayaraq, sözügedən fakültənin bazasında Azərbaycan dili fakültəsinin də yaradılmasının nəzərdə tutulduğunu bildirib. Rektor bu istiqamətdə Azərbaycan tərəfinin müvafiq dəstəyini xahiş edib.
Rektor 2023-cü ilin fevral ayından sınaq müddəti olaraq universitetdə Azərbaycan dili üzrə dərslərə başlanılacağını, yeni tədris ilindən isə sözügedən fakültəyə qəbul elan ediləcəyini bildirib.
Samir Abbasov Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fakültəsinin yaradılması işinə dəstəyə görə rektora təşəkkürünü bildirib, AMM-in fakültəyə köməklik edəcəyini deyib.
O, həmçinin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu diqqətə çatdırıb. Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluğu, dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəyə qaldırılmasında müstəsna xidmətlərini nəzərə alaraq, Daşkənd Dövlət Şərqşünaslıq Universitetində yaradılan Azərbaycan dili fakültəsi üçün auditoriyaya Heydər Əliyevin adının verilməsi təklif edilib və təklif qəbul olunub.
Samir Abbasov “Heydər Əliyev auditoriyası”nın çoxfunksiyalı olacağı, orada kitabxananın, Azərbaycanın tarix və mədəniyyətinə aid guşənin, filmlərimizin nümayişinin təşkil ediləcəyini bildirib.