Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ) və Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi, birliyin Gəncəbasar bölməsi və Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin təşkilatçılığı ilə ustad şair-aşıq, Əməkdar mədəniyyət işçisi Allahverdi Qəmkeşin 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.

Kəlbəcər Rayon Mədəniyyət Sarayında təşkil olunan tədbirdə AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, aşığın ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar Mədəniyyət Sarayında A.Qəmkeşə həsr olunan fotosərgiyə baxıblar. Sonra sənətkarın ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

AAB-nin sədri Məhərrəm Qasımlı və folklorşünas, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək sənətkarın yaradıcılığından söz açıblar.

Aşıqlardan Əməkdar mədəniyyət işçisi Əhliman Allahverdiyev, Elbrus Hüseynov, Şöhrət Kərimov, Əli Zeynalabdinov, İlqar Əhmədov, Əfqan Məmmədov, Yaşar Məhərrəmov, Qənbər Allahverdiyev, Qalib Ramazanov, ustadın şagirdi Nizami Şirinov, Taleh Abdullayev, İbadət Mehdiyev və Sevindik Quliyev müxtəlif aşıq havaları üstündə Allahverdi Qəmkeşin öz sözlərini və repertuarından seçmə havaları səsləndiriblər. Onları balabanda Əməkdar mədəniyyət işçisi İbadət Allahverdiyev müşayiət edib.

Ustad aşığın ailəsi adından oğlu Ramiz Qəmkeş və qızı Zəhra Şirinova tədbirin təşkilatçılarına və bütün iştirakçılara təşəkkürlərini bildiriblər.

Sonda aşıqlara Gəncə RMİ və AAB-nin təşəkkürnamələri təqdim olunub.

Mədəniyyət evində ustad aşıq Allahverdi Qəmkeşin yaradıcılığından bəhs edən fotosərgi də nümayiş olunub.

N.Məmmədli