Qazaxıstanın paytaxtı Astanada 20-21 dekabr tarixlərində keçirilən I Mərkəzi Asiya Media Forumunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da iştirak edib.

Fonddan bildirilib ki, forumun açılışında Qazaxıstanın mətbuat və sosial inkişaf naziri Darxan Kıdıralı, Qırğız Respublikasının dövlət katibi Suyinbek Kasmambetov, Türkiyənin və Monqolustanın sabiq prezidentləri Abdullah Gül və Nambarın Enkbayar çıxış ediblər.

Tədbirdə regional identikliyin ölçülməsi, yeni medianın inkişafı, süni intellekt texnologiyaları, Mərkəzi Asiyada yaradıcı sənayelərin gələcəyi, eləcə də informasiya təminatı üçün regional və qlobal əməkdaşlıq imkanları kimi məsələlər müzakirə edilib.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Astanada Qazaxıstanın mədəniyyət və idman naziri Dauren Abayev ilə görüşüb.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən, müxtəlif ölkələrdə təşkil etdiyi tədbirlərdən söz açılıb. Fond tərəfindən təşkilatın qurucu üzv dövləti kimi Qazaxıstanın mədəniyyətinin Avropada tanıdılması, qazax ədəbiyyatının görkəmli siması – şair, bəstəkar, ictimai xadim Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş poçt markalarının İspaniyada çap edilərək dövriyyəyə buraxılması və digər layihələr yüksək qiymətləndirilib.

Fond ilə Qazaxıstan arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.