Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Milli və müasir rəqs kafedrasının təşkilatçılığı ilə Xalq artisti, Əməkdar müəllim, görkəmli baletmeyster və rəqqas Böyükağa Məmmədovun (1927-2018) 95 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri Xalq artisti Cəmilə Bayramova açaraq böyük sənət fədaisi və özünə mənəvi müəllim saydığı Böyükağa Məmmədovun həyat və fəaliyyəti barədə məlumat verib.
Sonra B.Məmmədovun irsini yaşadan rəqs sənətinin tanınmış nümayəndələri, ustadın ailə üzvləri onun haqqında unudulmaz xatirələrini bölüşüblər. Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıxov, Əməkdar artistlər Elçin Allahverdov, Aliyə Ramazanova, Zemfira Camalova, Xalq artistləri Təranə Muradova, Tamilla Eldarova və başqaları sənətkarın yaradıcılıq fəaliyyəti barədə çıxış ediblər.
Qeyd olunub ki, ustadın yaradıcısı olduğu “Cücələrim” uşaq rəqs ansamblında yetişdirdiyi davamçıları hazırda dünya səhnələrində Azərbaycanı layiqincə təmsil edirlər. Azərbaycan rəqslərini Fransa, İsveçrə, Əfqanıstan, Polşa, Almaniya, ümumilikdə 100-dən çox ölkədə layiqincə təmsil edən B.Məmmədovun quruluş verdiyi rəqslərin sırasında “Naz eləmə” və “Çoban” rəqsi ilə yanaşı, ifa etdiyi müxtəlif rəqs nömrələri bu gün Azərbaycan Televiziyasının fondunda qorunub saxlanılır.
Tədbirdə bakalavr pilləsinin III kurs tələbəsi Xəyal Pənahov “Xançobanı” və II kurs tələbələri Ramin Hüseynovla Nigar Rzayeva “Naz eləmə” rəqslərini nümayiş etdiriblər. Sonda B.Məmmədovun həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.