Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...

 

Qərbi Azərbaycan tariximizin unudulmaz bir parçasıdır. Ürək ağrıdan, qəlb göynədən parçası. Bu torpaqlarda Dədə Qorqud qopuz çalıb, söz qoşub, igidlərə ad verib, Aşıq Ələsgər dağlarımızı, buz bulaqlarımızı, güllü-çiçəkli yaylaqlarımızı vəsf edib. “Kitabi-Dədə Qorqud” dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Dastanda adıçəkilən Şirökuvən, Altuntaxt, Göyçə gölü oğuz qəhrəmanlarının doğma yurdları olub və bu ərazilər indi Ermənistan adlanan Qərbi Azərbaycanda yerləşir. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə zaman-zaman xaricdən bu yerlərə köçürülüb.

XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin sonlarınadək bu yer adlarının 90 faizdən çoxunu təşkil edən türk mənşəli toponimlər – oykonimlər, oronimlər və hidronimlər dəyişdirilərək erməniləşdirilib. Erməni millətçiliyindən qidalanan barbar, şovinist siyasətin tərkib hissəsini qədim tariximizi saxtalaşdırmaq, Azərbaycan torpaqlarının yaddaşı olan, pasportuna çevrilən yer-yurd adlarını dəyişdirmək təşkil edib.

Tarixi yaddaşımızın bərpasına və qorunaraq gələcək nəsillərə çatdırılmasına hər zaman böyük önəm verən Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən deyib: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var... Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

1828-ci ildə Şimali Azərbaycanın çar Rusiyasına ilhaqını tamamlayan Türkmənçay sülh müqaviləsinin (İran-Rusiya müharibəsinin yekunu) şərtlərindən biri kimi, İrandan imperiya sərhədlərinə qatılmış ərazilərdəki demoqrafik vəziyyəti dəyişmək üçün İrəvan və Qarabağ xanlıqlarının mövcud sərhədləri içinə köçürülən ermənilər XIX əsrin 60-70-ci illərindən başlayaraq azərbaycanlılara qarşı sıxışdırma siyasətinə başladılar. Bu siyasətə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 1998-ci il 26 mart tarixli  “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları ilə siyasi qiymət verildi. Həmin fərmanlar elm adamları qarşısında yeni vəzifələr qoydu, bu mövzuda  yeni tədqiqatların aparılmasına zəmin oldu.

Tarixdə saxtakarlıq və sünilik sahəsində birinci olan ermənilər iki əsrə yaxındır Qərbi Azərbaycanda tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olur. Bu məkrli siyasət nəticəsində indiyə qədər minlərlə türk mənşəli toponim dəyişdirilib. Yaşayış məntəqələri ilə yanaşı, dağ, meşə, bulaq və s. adları da bu məkrin hədəfidir.

Ermənilərin bu saxtakarlığını ifşa edən arxiv materialları çoxdur. 1903-cü ilə aid olan coğrafi xəritə erməni iddialarını alt-üst edir. Söhbət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2012-ci il tarixli Sərəncamına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan, rus və ingilis dillərində nəşr olunan “Cənubi Qafqaz. 1903-cü il” xəritəsindən gedir. Xatırladaq ki, “Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda” xəritəsi ümumilikdə bütün Qafqazı əhatə edir. 1903-cü ildə Qafqaz Hərbi Dairəsinin litoqrafiya və hərbi topoqrafiya şöbəsində tərtib olunub. Xəritə XX əsrin lap başlanğıcında nəşr edildiyi üçün bədnam qonşularımızın əsassız iddialarına cavab vermək məsələsində mühüm əhəmiyyətə malikdir. Xəritəyə baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir.

Tarixi sənədlərə nəzər salsaq görərik ki, onlar İrəvanın yaxınlığında yerləşən Molla Dursun, Kərpicli, Yeni Bəyazit, Qaraqola, Qızıldağ, Ahdağ və sair toponimlərimizi dəyişdirib. O xəritəni indiki Ermənistan ərazisilə müqayisə etdikdə görürük ki, burada erməni mənşəli tək-tük yaşayış məntəqələrinə rast gəlinir. Dağ, çay, çöl, meşə, düzəngah, el-oba adlarının 99 faizi tamamilə türk mənşəlidir. Məlumdur ki, dağ, çay adları yaşayış məntəqələrindən daha əvvəl yaranıb. Bu da bu ərazilərdə bizim babalarımızın daha erkən dövrlərdə yurd saldığını, ocaq qaladığını sübut edən faktdır.

Qaraqoyunlu dövləti zamanında bir yaşayış məskəni olan və bu dövlətin qurulmasında onun sakinlərinin əməyi az olmayan tayfalardan biri baranalılar olub. Çox əski türk qolu olan baranalılar Qərbi Azərbaycanda yaşayıb. Bir zamanlar Barana tayfasının adı ilə böyük bir rayon olub. Sonra Barana rayonunun adı dəyişdirilərək Noyemberyan rayonu adlandırılıb. Türk mənşəli toponim olan Barana o vaxt Gəncə quberniyasının Qazax qəzasının nəzdində olub. Ermənilər onun adını saxtalaşdırmaqla özlərini ifşa ediblər. Barana adını yaddaşlardan silmək onlara nəsib olmayıb. Sonra bu rayonun Əskipara kəndinin adı dəyişdirilərək əvvəlcə Sarxan, sonra isə Voskipar qoyulub. Əskipara toponiminin mənası qiymətli, qızıl pul, bahalı yer deməkdir. Aşağı Körpülü kəndinin adı isə Axtanaq edilib. Rayonun Calakənd toponimi erməniləşdirilərək Mikçnazor, God Şavar-Şavan, Qalaça Bertavan, türk kökənli Lənbəli toponimi isə Baqrataşenə çevrilib. Baqrataşen sözünün son şəkilçisi də türk mənalıdır. Şen sözü türkcə şenlik-kənd, oba, işıq gələn yer, xoşbəxtlik, abadlıq sözünün qısaldılan sinonimidir. Barananın biraddımlığında yerləşən Allahverdi rayonu isə türk-İslam mənşəli toponim olmasına baxmayaraq, ermənilər tərəfindən Tumanyan adlandırılıb.

Azərbaycan tarixində misilsiz yeri olan Göyçə mahalı Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edən yurdlarımızdandır. Bu ərazi Rusiya çarlığına müharibə yolu ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti zamanında Göyçə mahalı süni şəkildə beş inzibati rayona bölünüb. Onlar Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka rayonlarıdır. Basarkeçər adı sonradan Vardenisə çevrilib. Göyçə mahalı Azərbaycan folklorunun, aşıq sənətinin vətənlərindən biri kimi məşhurdur. Bu mahal türk mənşəli toponimlərlə zəngindir. Həmin toponimlərin əksəriyyəti dəyişdirilsə də, onların adları bədii ədəbiyyatda, yaddaşlarda yaşayır.

Yeri gəlmişkən, istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan toponimlərinin, tarixi keçmişinin araşdırılmasına böyük əmək sərf edən dəyərli alimlərimiz olub. Belə alimlərimizdən biri də filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Həsən Mirzəyev idi. Onun 540 səhifəlik “Azərbaycan toponimləri və şivə sözləri” kitabının 250-dən çox səhifəsi Dərələyəz mahalının toponimlərinə həsr olunub ki, bu da bölgənin toponimiyasını bütövlükdə əhatə edir və ərazinin oykonimiyası, etnonimiyası, oronimiyası, hidronimiyası ilə bağlı dolğun təsəvvür yaradır.

Bu məqamda onu da qeyd edək ki, “GoMap.az” elektron platformasında Qərbi Azərbaycanın toponimləri bərpa olunub. Ermənistanın regionda dəyişmiş olduğu bütün mədəni və tarixi abidələrin adları elektron platformada tarixi Azərbaycan adları ilə qeyd edilib.

Prezident İlham Əliyevin 24 dekabrda Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə dediyi: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar” sözləri xalqımızda bu tarixi yurd yerlərimizlə bağlı böyük inam yaradır. Vaxt gələcək, Qərbi Azərbaycan torpaqlarının yaddaşı olan yer-yurd adları yenidən bərpa olunacaq...