Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

342 il əvvəl...

3 yanvar 1681-ci ildə çar Rusiyası və Osmanlı imperiyası (Krım xanlığı da Osmanlı tərəfində olmaqla) arasında müharibənin (1672-1681) yekunlarına dair Baxçasaray sülhü imzalanıb. Müqaviləyə görə, tərəflər arasında sərhəd Dnepr çayı boyunca müəyyənləşib. Rusiya Krımı ələ keçirməyə müvəffəq olmayıb. Krım bir əsr sonra (1873) Rusiyaya birləşdirildi.

 

219 il əvvəl...

3 yanvar 1804-cü ildə Gəncə xanı Cavad xan oğlu ilə birlikdə general Pavel Sisianovun başçılıq etdiyi rus qoşunları ilə döyüşdə qəhrəmancasına həlak olub. Cavad Şahverdi xan oğlu 19 il (1786-1804) Gəncənin xanı olub, Azərbaycanın tarixində cəsur sərkərdə kimi qalıb. Çar Rusiyasının Gəncəni zəbt etməsi ilə Azərbaycanın digər xanlıqlarının işğalına da yol açılmış oldu. 

 

182 il əvvəl...

1 yanvar 1841-ci ildə Rusiya imperiyasında yeni inzibati islahat haqqında qanuna (çar I Nikolay tərəfindən 10.04.1840 tarixində imzalanmışdı) əsasən, Cənubi Qafqaz mərkəz Tiflis olmaqla İmereti quberniyasına və mərkəz Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölünüb. Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Gəncə), Qazax, Balakən və Naxçıvan bölgələri İmereti quberniyasının tərkibinə daxil edildi.

 

94 il əvvəl...

1 yanvar 1929-cu ildə Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb. Bu bərədə ilk tövsiyə qərarı 5 yanvar 1921-ci ildə Azərbaycan SSR  Xalq Maarif Komissarlığı tərəfindən qəbul edilmişdi. 1926-cı ildə Bakıda keçirilmiş Ümumittifaq Türkoloji Qurultayda da latın qrafikalı əlifbaya keçid dəstəklənmişdi.

 

93 il əvvəl...

5 yanvar 1930-cu ildə SSRİ-nin siyasi rəhbərliyi (Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsi) kolxozlaşma haqqında qərar qəbul edib. Kolxoz quruculuğu prosesi ölkə ərazisində (o cümlədən Azərbaycanda) repressiyalarla, 1 milyona yaxın adamın qolçomaq adı ilə damğalanaraq sürgün edilməsi ilə müşayiət olundu. Kütləvi kolxozlaşmanın nəticəsi olaraq 1931-1933-cü illərdə SSRİ-də aclıqdan yüz minlərlə insan öldü.

 

83 il əvvəl...

1 yanvar 1940-cı ildə Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib. Bu barədə göstəriş 1939-cu ildə SSRİ rəhbəri Stalin tərəfindən verilmiş, həmin il iyulun 11-də Azərbaycan SSR Ali Soveti bununla bağlı qanun qəbul etmişdi.

 

32 il əvvəl...

5 yanvar 1991-ci ildə Bakının Dağüstü mədəniyyət və istirahət parkında (indiki Şəhidlər xiyabanının ərazisi) 20-ci illərdə Azərbaycana rəhbərlik etmiş S.M.Kirovun heykəli sökülüb. Yarım əsrə yaxın burada “qərar tutan” abidə Azərbaycanda sosializmin təntənəsinin təcəssümü idi. Heykəlin götürülməsi ilə bağlı məlumatda əsas kimi “texniki səbəb” – ərazinin sürüşmə zonasında olması göstərilirdi. Gerçəkdə isə bu, Azərbaycanın sovet sistemi ilə vidalaşmasına işarə idi.

 

31 il əvvəl...

6 yanvar 1992-ci ildə Gürcüstanda dövlət çevrilişi baş verib. Prezident Zviad Qamsaxurdia ölkədən qaçıb.

 

29 il əvvəl...

6 yanvar 1994-cü ildə Qarabağda Ermənistan işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin hissələri Füzuli rayonunun Aşağı Yağlıvənd, Kərimbəyli və Şükürbəyli kəndlərini azad edib, Horadiz qəsəbəsi nəzarət altına alınıb.

Hazırladı: V.Orxan