Mədəniyyət Nazirliyinin layihəsi ilə ötən il Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ingilis dilində hazırlanan “Anamın kitabı” tamaşası yanvarın 13-də növbəti dəfə nümayiş olunacaq.
Böyük ədib Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan tamaşada əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdən bəhs edir.
Günümüzlə səsləşən, düşündürən mövzu əsərin baş qəhrəmanı olan Ananın timsalında təqdim olunur. Ana övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar...
Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.