Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində tarixin müxtəlif dövrlərinə aid arxeoloji tapıntılar, məişət və zinət-bəzək əşyaları, əmək alətləri, milli geyim nümunələri saxlanılır.
Muzeydə maraq doğuran eksponatlar arasında ipək sapdan toxunmuş və üzərinə Şərq bazarı illüstrasiyası işlənmiş qobelen də var. Xovsuz xalça növü kimi tanıdığımız qobelen sənəti ölkəmizdə də tarixən geniş yayılıb.
Orta əsrlər dövrünə aid olan eksponatlardan biri də toxuculuq aləti vazdır. Vazın yuxarı hissəsində su tökmək üçün hissə, gövdəsində isə dəlik var və iki qoldan ibarətdir. Bu qolların üzərində çıxıntılar, qanadlar həkk olunub. Bu da alətdə eyni zamanda 3 nəfərin işləməsi üçündür.
Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, vaz kənaf bitkisindən alınan ipdən qədim xalçaların toxunmasında istifadə olunub. Orta əsrlərdə nənələrimiz bu nazik ipləri xüsusi formada qalınlaşdırırmışlar. Lanqa deyilən bir alət də var, muzeydə tavandan asılıb. İpin bir ucunu fırlanan lanqaya bağlayırdılar və sap fırlandıqca yumaq formasında yığılırdı. Bu yumaqlar isə xalça və ya həsirin toxunmasında istifadə olunub.
Tarixi və maraqlı eksponatlardan biri də çəngürü tavasıdır. Bu tava gildən hazırlanıb və orta əsrlər dövrünə aiddir. Nənələrimiz bu tavada düyü unundan xüsusi şirniyyat bişiriblər.
Hazırda Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fondunda bölgənin tarixini əks etdirən 9 mindən çox eksponat qorunub saxlanılır.
N.Məmmədli