Tar haqqında bəhs edərkən şairlərimizdən biri belə deyib:
Könlüm tara bənzəyir,
Üstünü simlər bəzəyir:
Bir sim ağ, bir sim sarı –
Biri könlüm simsarı…
Həqiqətən də, tar Azərbaycan xalqının könül simsarıdır, könül dostudur. Azərbaycan xalqı bəzən heç kimə açmadığı könül sirlərini, könül duyğularını tara açır, tar vasitəsilə dilləndirir. Məsələ burasındadır ki, tar da hər kəsə könül vermir, mizrabını hər yoldan ötənə tapşırmır. Könül verdiyi adamlar isə sənətsevərlərin ürəklərini riqqətə gətirə bilir. Belə ifaçılardan biri də Ramin Rzayevdir. Ramin tar ifaçılığının orta yaş nəslinə mənsubdur. Amma onu dinləyəndə ifasının sanki qocaman, ustad bir sənətkarın barmaqlarından süzüldüyünü güman edirsən…
Ramin Rzayev Azərbaycanın tar ifaçıları sırasında öz dəst-xətti, yeri olan sənətkardır. Lakin o, bu səviyyəyə birdən-birə nail olmamış, hələ uşaq yaşlarından saatlarla tarı bağrına basmağı bacarmış, Asəf Zeynallı adına Musiqi Kollecində oxuyarkən gözəl muğam bilicisi Elxan Müzəffərov kimi tarzənlərdən dərs almış, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) görkəmli tarzən, Xalq artisti Ağasəlim Abdullayevin sinfində oxumuşdur. Ağasəlim Abdullayev virtuoz sənətkar olmaqla yanaşı, eyni zamanda muğam ifaçılığı zamanı xanəndəni ən gözəl şəkildə müşayiət edən tarzənlərdəndir. Mənə elə gəlir ki, Ramin müəllimindən tar ifaçılığı zamanı əxz etdiyi digər xüsusiyyətlərlə yanaşı, bu cəhəti – xanəndəni müşayiət etmək ustalığını da dərindən mənimsəmiş və öz ifaçılığına tətbiq etməyi bacarmışdır. Bu fikrin sübutu kimi isə onun hələ gənc yaşlarından Səkinə İsmayılova və Simarə İmanova kimi Xalq artistlərini müşayiət etməsini nümunə göstərmək olar. Raminin gözəl ifa və xanəndəni müşayiət edə bilmək ustalığının nəticəsidir ki, bu iki sənətkar onunla bu gün də birgə çalışmaqda davam edirlər.
Ramin Rzayev qocaman, ağsaqqal sənətkarımız, Xalq artisti Arif Babayevi də müşayiət etmiş, hətta onunla xarici səfərlərdə – İtaliyada, Türkiyədə konsertlər vermişdir. Tarzən dünyanın bir çox yerlərində, dəfələrlə Avropa ölkələrində, iki dəfə Hindistanda musiqimizi, muğam sənətimizi uğurla təmsil etmişdir. Bu səfərlərin əksəriyyətində Xalq artisti Səkinə İsmayılovanı müşayiət etmiş, ilk Türkiyə və Hindistan səfərinə də onunla getmişdir.
O, muğamlarımızı gözəl bilir. Bu baxımdan onun ifasında bir sıra muğamların lentə alınması da təbiidir. Ramin Rzayev “Bayatı-Şiraz”, “Mahur-hindi” və müəllimi Elxan Müzəffərovdan öyrəndiyi “Nəva” muğamlarını lentə yazdırıb. Bununla da gələcəkdə muğamsevərlər digər tarzənlərimizlə yanaşı Raminin də ifasını dinləyəcək, XXI əsrin əvvəllərindəki muğam mənzərəsini duymaqla bərabər, ifasından da zövq alacaqlar.
Məlumdur ki, muğam sənəti, tar ifaçılığı təkcə instrumental ifaçılıq sahəsi ilə məhdudlaşmır. Bu sənət elə yarandığı gündən ədəbiyyat, irfan, fəlsəfə ilə birlikdə meydana gəlmiş və bu mənəvi dəyərlərin vəhdəti şəklində meydana çıxmışdır. Və eyni zamanda xoş o ifaçının, muğam sənəti nümayəndəsinin halına ki, o da bu sahələrə vaqif olub, muğamın daxilindəki xüsusiyyətləri duyur. Raminin də cövhərində ədəbiyyata, irfana meyil güclüdür və onun ifaçılıq sənəti məhz bu istiqamətlərdən də su içmişdir. Bu gün Ramin Rzayev əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs desə də, tələbələri bütün Azərbaycana səpələnmişdir. Bu isə onun daha böyük bir uğuru, nailiyyətidir. Uğurları davamlı olsun...
Tərlan Quliyev
BMA-nın Humanitar fənlər kafedrasının müdiri professor