Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

416 il əvvəl...

8 yanvar 1607-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibə (1603-1612) gedişində türk qoşunlarının əlində olan Bakıda xalq üsyanı başlayıb. Bundan istifadə edən Səfəvi qoşunları şəhərə daxil olaraq Osmanlı qüvvələrini oradan çıxarıblar. Tərəflər arasında bundan öncəki (1578-1590) müharibədə Bakı Osmanlının nəzarətinə keçmişdi.

 

231 il əvvəl...

9 yanvar 1792-ci ildə Rusiya ilə Türkiyə arasında 1787-ci ildə başlanan və Osmanlının məğlubiyyəti ilə nəticələnən müharibənin yekununa dair Yassı sülhü imzalanıb. Krım da daxil olmaqla Qara dənizin şimalındakı ərazilər, habelə Dnestr və Kuban çayı ətrafındakı torpaqlar Rusiyanın nəzarətinə keçib.

 

230 il əvvəl...

12 yanvar 1793-cü ildə Rusiya və Prussiya Polşanı ikinci dəfə bölüşdürüblər. Peterburqda imzalanan müqaviləyə əsasən, Qdansk Prussiyaya verilib, Rusiya isə indiki Ukrayna və Belarusun əksər hissəsini əldə edib. Almanların Dansiq adlandırdığı Qdansk liman şəhəri 1945-ci ildə yenidən Polşanın tərkibinə qayıtdı.

 

118 il əvvəl...

9 yanvar 1905-ci ildə Peterburqda “Qanlı bazar” qırğını baş verib. Çar II Nikolaya şikayət ərizələrini təqdim etmək istəyən minlərlə fəhlə keşiş Qaponun təhriki ilə Qış sarayına doğru irəliləyərkən qoşun hissələrinin gülləbaranı ilə qarşılanıb. “Qanlı bazar”da, müxtəlif mənbələrə görə, 2 mindən 5 minədək adam ölüb. Bu olaylar Rusiyada 1905-ci il inqilabının başlanması üçün təkan oldu.

 

103 il əvvəl...

11 yanvar 1920-ci ildə I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) Sülh Konfransının Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul olunub. Cümhuriyyət Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Qərb dairələri ilə aparılan birillik gərgin danışıqlardan sonra buna nail olmuşdu.

 

61 il əvvəl...

10 yanvar 1962-ci ildə tarixdə ən dəhşətli qar uçqunu baş verib. Perudakı Nevado-Uaskaran dağından başlanan daş-qaya qarışıq uçqun 7 dəqiqə ərzində 10 kilometr irəliləyərək 7 yaşayış məntəqəsini yer üzündən silib. 4 mindən çox adam ölüb.

 

46 il əvvəl...

8 yanvar 1977-ci ildə SSRİ-nin paytaxtında silsilə partlayışlar baş verib. Eyni vaxtda (40 dəqiqə içində) Moskva metrosunda, DTK binasının yaxınlığında və ticarət mərkəzində gerçəkləşən partlayışlar nəticəsində 7 nəfər ölüb, 37 nəfər yaralanıb. Metro vaqonunda (İzmaylovskaya-Pervomayskaya stansiyaları arasında) partlayışın ermənilər tərəfindən həyata keçirildiyi təsdiqlənsə də, olaya rəsmən terror adı verilmədi, hadisələrin hər üçünün arxasında terror şəbəkəsinin olması açılıb-ağardılmadı.

 

44 il əvvəl...

7 yanvar 1979-cu ildə Kambocada qiyamçı qüvvələr Vyetnamın hərbi köməyi ilə paytaxt Pnompeni ələ keçiriblər. 4 illik hakimiyyəti dövründə 6 milyonluq ölkə əhalisinin üçdəbirini məhv etmiş “Qırmızı Kxmer” diktaturasına son qoyulub. Rejimin başçısı Pol Pot ölkədən qaçıb.

 

27 il əvvəl...

9 yanvar 1996-cı ildə çeçen komandirlərindən Salman Raduyevin dəstəsi Dağıstanın Kizlyar şəhərinə hücum edib. Terrorçular bir neçə gün şəhəri əllərində saxladılar. Rusiyanın güc strukturlarının uğursuz antiterror əməliyyatı nəticəsində 70-dən çox insan həlak oldu, Raduyevin dəstəsi isə aradan çıxa bildi. 2000-ci ildə ələ keçirilən Raduyevə məhkəmədə ömürlük həbs kəsildi. İki il sonra o, Perm vilayətindəki həbsxanada öldü. 

 

31 il əvvəl...

8 yanvar 1992-ci ildə erməni təxribatçı dəstələri Azərbaycana qarşı daha bir terror əməli həyata keçiriblər. Türkmənistandan Krasnovodsk (Türkmənbaşı) – Bakı marşrutu ilə hərəkət edən bərədə törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.

Hazırladı: V.Orxan