Qarabağ xanlığının siyasi, iqtisadi və mədəniyyət həyatını, tarixini öyrənən 10 “Qarabağnamə” kitabı mövcuddur. Bu mənbələrdən birini – “Qarabağ tarixi” kitabının müəllifi salnaməçi, dövlət xadimi Mirzə Camal Cavanşir Qarabağidir. Bir müddət Qarabağ xanlığının vəziri olmuş salnaməçinin bu il 250 illik yubileyidir.
1773-cü ildə Qarabağın Xocalı kəndində dünyaya göz açan Mirzə Camal ilk təhsilini Şuşadakı mollaxanada alıb. Burada ərəb və fars dillərini mükəmməl öyrənib. Təhsilini başa vurduqdan sonra Qarabağ hakimi İbrahimxəlil xanın dəftərxanasında mirzə kimi işə başlayıb.
Ağa Məhəmməd şah Qacarın 1795-ci ildə Şuşa şəhərinə birinci yürüşü və qalanı mühasirədə saxladığı vaxt Mirzə Camal və atası, Şuşanın qalabəyisi Məhəmmədxan bəy işğalçı qoşuna qarşı fəal mübarizə aparır. 1797-ci ildə Şuşaya növbəti dəfə hücum edən Qacar şəhəri ələ keçirir. Bu zaman İbrahimxəlil xan müvəqqəti olaraq Şuşanı tərk etmişdi. Qacar Şuşada qətlə yetirilir. Xanlığa nəzarət edən İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy vəzir Molla Pənah Vaqifi və onun oğlunu edam etdirir.
İbrahimxəlil xan Şuşaya döndükdən sonra Mirzə Camal Vaqifin yerinə xanlığın vəziri təyin olunur. O, bir vəzir kimi xanlığın daxili və xarici siyasəti ilə bağlı məsələlərin həllində yaxından iştirak edir.
Qarabağ xanlığı 1805-ci ildə Rusiya tərəfindən işğal edildikdən sonra bir müddət Mirzə Camal Mehdiqulu xanın yanında həmin vəzifədə çalışır. Qarabağ xanlığı ləğv edildikdən (1822) sonra Qarabağ əyalət məhkəməsinə üzv təyin edilir. O, bu işdə 20 ilə yaxın çalışır. Ömrünün müdrik çağlarında – 1840-cı ildə təqaüdə çıxır.
Mirzə Camal Cavanşir vəzirlik fəaliyyəti dövründə Qarabağda və onun hüdudlarından kənarda baş verən tarixi hadisələri salnamə şəklində qələmə alır. Fars dilində yazdığı və “Qarabağ tarixi” adı ilə tərtib etdiyi əsərini 1847-ci ildə bitirir. Əsərin tarixi əhəmiyyəti müəllifin qələmə aldığı hadisələrin bir çoxunun iştirakçısı, canlı şahidi olmasındadırsa, digər tərəfdən, Qarabağda baş verənlər barədə bilgiləri xanlığın hərbi və siyasi xadimlərindən eşidib qələmə almasındadır. Elə buna görə də Mirzə Camal Qarabağinin “Qarabağ tarixi” əsərində verilmiş tarixi məlumatlar öz səhihliyi ilə maraq doğurur.
1855-ci ildə görkəmli şərqşünas və qafqazşünas Adolf Berje Mirzə Camalın “Qarabağ tarixi” əsərini rus dilinə tərcümə edir. Həm də əsəri “Kavkaz” qəzetində dərc etdirir. Eyni zamanda A.Berje M.F.Axundzadə vasitəsilə tanış olduğu Mirzə Camalın oğlu Rzaqulu bəydən atasının tərcümeyi-halı haqqında məlumat alır. Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı aktların məşhur redaktoru olan A.Berje Mirzə Camalın tərcümeyi-halından bəhs edərək yazıb: “Mirzə Camal fars, ərəb, Osmanlı (türk – red.) dillərindən başqa avar və ləzgi dillərini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında məlumatlı idi. Tibb elmini bildiyi üçün istefaya çıxdıqdan sonra ömrünün sonuna qədər xəstələri pulsuz müalicə edir. Buna görə də xalq arasında hörməti vardı”.
Gəncə yaxınlığındakı Kürəkçay sahilində 14 may 1805-ci ildə İbrahimxəlil xanla rus generalı Sisianov arasında müqavilə imzalanarkən mərasimdə Mirzə Camal da iştirak edir. Araşdırmalarda qeyd edilir ki, o, bu müqavilənin ərsəyə gəlməsində fəaliyyətinin nədən ibarət olduğunu öz əsərində göstərmir...
Tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynov araşdırmasında yazır ki, “Qarabağ tarixi” kitabında Mirzə Camal Qarabaği digər salnaməçilərdən fərqli olaraq siyasi problemlərlə yanaşı, Qarabağın sosial-iqtisadi həyatından da söz açıb. Mirzə Adıgözəl bəyin və Mirzə Camal Qarabağinin “Qarabağnamə”ləri, Şəki xanlarının tarixi də bura daxil olmaqla, öz iqtisadi-siyasi təməlini itirmiş saray salnaməçilik ənənəsinin davamı kimi səciyyələndirilə bilər. Lakin bunlar klassik saray salnaməçiliyindən bir sıra xüsusiyyətləri ilə fərqlənirlər: əvvəla, klassik saray salnamələrində müəyyən dövrdə baş verən hadisələr illər üzrə verilir. “Qarabağnamə”lərdə isə tarixi hadisə və faktlar fəsillərə əsasən müəyyənləşdirilib. İkincisi, Mirzə Adıgözəl bəyin və Mirzə Camal bəyin əsərləri bəhs olunan dövrlərdə yazılan saray “Qarabağnamə”ləri ilə müqayisədə sadə dildə yazılıb. Nəhayət, bu “Qarabağnamə”lərdə Qarabağ xanlığının banisi Sarıcalı oymağından olan Pənahəli xanın və onun oğlu İbrahimxəlil xanın şəxsiyyətlərinə, dövlət quruculuğu fəaliyyətinə tarixi baxımdan dürüst qiymət verilir.
Digər “Qarabağnamə”lər kimi Mirzə Camal Cavanşirin “Qarabağ tarixi” kitabı da uzun müddət ictimaiyyətə təqdim edilməyib. Hətta elmi araşdırmalarda səhih bir mənbə kimi də istifadə edilməyib.
Sonda belə qənaətə gəlmək olar ki, “Qarabağnamə”lər çar məmurlarının nəzarəti altında yazılsa da, Azərbaycan tarixinin müəyyən bir dövrləri orada öz əksini tapıb. Onu da qeyd edək ki, Qarabağın tarixinə həsr olunmuş salnamələrdə çar Rusiyasının müstəmləkəçilik siyasətinə yer ayrılmayıb...
Mirzə Camal Cavanşir Qarabaği 1853-cü ildə, ömrünün 80-ci ilində vəfat edib.
Qaynaqlarda Azərbaycan tarixinə dəyərli töhfə verən görkəmli salnaməçinin ömrünün son günlərini A.Berje belə təsvir edir: “1853-cü il aprelin 8-də, axşam namazından sonra xəstəlikdən zəifləmiş Mirzə Camal bütün yaxın adamlarını yanına çağırır. Onlara xoşbəxtlik arzu edir. Yaddaşı özündə olduğu halda sakitcə vəfat edir”.
Savalan Fərəcov