“Arxadan vurulan zərbə” filminin bəzi fraqmentləri burada lentə alınıb

 

Qax şəhərində XVI əsrdən mövcud olan maddi mədəniyyət abidəsi “İçəribazar” qala qapıları və divarları Orta əsrlər memarlığının nişanələrini özündə yaşadır.

Şəki RMİ Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndi bildirib ki, Qax qalasını İlisu sultanı Adı-Görklü bəy XVI əsrdə tikdirib. Bugünkü Qax şəhəri məhz tarixi mərkəz sayılan həmin “İçəribazar” qala kompleksinin daxilindən böyüyərək müasir görkəmini alıb. Müdafiə məqsədilə tikilən Qax qalasını XVIII əsrdə Nadir şah Əfşarın qardaşı İbrahim xan Car-Balakənə səfəri zamanı bərpa etdirib. 1738-ci ildə İbrahim xan Car üsyançıları tərəfindən öldürüldükdən sonra Qax qalasının rəisi hərbçilərlə birlikdə qalanı tərk edib və qala İlisu hakimlərinin nəzarəti altına keçib. Çar Rusiyası 1844-cü ildə İlisu sultanlığını işğal etdikdən sonra strateji baxımdan əlverişli olan və indiki Qax şəhərinin mərkəzində yerləşən qala kompleksi rus əsgərlərindən ibarət qarnizonun dayaq məntəqəsinə çevrilib.

Çaydaşından əhəng məhlulu ilə tikilmiş qalanın içərisində yaşayış binaları, müxtəlif sənət emalatxanaları, dükanlar və bazar olub. Buna görə də yerli əhali qalanın əhatə etdiyi daxili ərazini indi də “İçəribazar” adlandırır. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Qalada aparıla təmir zamanı açıq səma altında 300 yerlik yay səhnəsi, emalatxana guşələri və s. yaradılıb.

Görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin (1885-1937) atası usta Məhəmmədin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib. Müslüm 1902-ci ildə Qori Müəllimlər Seminariyasında təhsil alarkən atasının vəsiyyətinə əsasən, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə birgə burada olub, ata yurdunu ziyarət edib.

Hazırda “İçəribazar” şəhər sakinlərinin, eləcə də rayona gələn yerli və xarici turistlərin ən çox üz tutduqları istirahət məkanlarından birinə çevrilib. Sakinlərin, uşaq və gənclərin, qonaqların asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün burada hər cür şərait yaradılıb. Yaz-yay aylarında buradakı açıq səma altında səhnədə konsertlər, diskotekalar, əyləncəli proqramlar təşkil olunur.

1977-ci ildə rejissor Arif Babayev tərəfindən ekranlaşdırılan “Arxadan vurulan zərbə” filminin bəzi fraqmentləri məhz bu tarixi məkanda çəkilib.

“İçəribazar” qala kompleksindən bu günümüzə salamat qalmış tikililər hazırda yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.