Yanvarın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa yenidən nümayiş olunacaq.
Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir. Musiqi tərtibatında Tofiq Quliyevin əsərlərindən istifadə olunub. Rəqslərin quruluşu Zakir və Yelena Ağayevlərə məxsusdur.
Qeyd edək ki, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı əsərdə hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir. Ərə getmək, evlənmək, nişanlanmaq istəyən hər kəs Xanuma adlı aradüzəldən qadının yardımına möhtacdır. Onun bacarmadığı iş yoxdur.
“Xanuma” ağıllı və hazırcavab Qafqaz qadınına həsr olunmuş əsərdir. Müəllif Qafqazda yaşayan gürcüləri və azərbaycanlıları, xüsusən onların qadınlarını xüsusi incəliklə vəsf edib.