İtalyan bəstəkar Pyetro Maskanyinin “Kənd namusu” operası yanvarın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti dəfə nümayiş olunacaq. Operanı Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi və Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə orkestr müşayiət edəcək.
Səhnə əsərinin əsas qəhrəmanları öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur.
İlk tamaşası 1890-cı ildə Romanın “Konstants” teatrında keçirilən opera bu günə kimi dünyanın bir çox teatrlarının repertuarını bəzəyir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Kənd namusu” 2015-ci ildə almaniyalı rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok tərəfindən səhnəyə qoyulub.