Dünya musiqi mədəniyyətində azərbaycanlı musiqiçilərin – bəstəkarların, ifaçıların məxsusi yeri, böyük xidmətləri var. Opera sənəti tarixində də qadın ifaçılarımızın rolu danılmazdır. Bu sahədə görkəmli sənətkarların yolunu davam etdirənlərdən biri də metso-soprano səs tembrinə malik Əməkdar artist, Prezident mükafatçısı Səbinə Əsədovadır. O, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Solo oxuma və opera hazırlığı kafedrasının baş müəllimidir. Onunla qısa müsahibəni təqdim edirik.
– Səbinə xanım, səhv etmirəmsə, ailənizdə sizdən başqa da musiqiçilər olub?
– Bəli, babam Eynulla Əsədov tanınmış xanəndə olub. Atam Çingiz Əsədov isə bariton səsə malik vokal ifaçısıdır.
– Bu sənətə yiyələnərkən bir idealınız vardımı?
– Təbii ki. Məsələn, Yelena Obraztsovanı, Dalora Zajeki bu gün də çox dinləyirəm. Onlar heyrətamiz metso-soprano səs tembrinə malik ifaçılardır.
– Sizə ən çox uğur qazandıran, məşhurluq gətirən hansı opera tamaşası olub?
– Xarici ölkələrdə bir sıra maraqlı, yaddaqalan çıxışlarım olub. Lakin opera tamaşası olaraq İtaliyada C.Verdinin “Riqoletto” operasından Maddalena və “Traviata” operasından Flora obrazlarının mənə daha çox uğur gətirdiyini deyə bilərəm.
– Opera səhnəsində canlandırdığınız obrazlardan hansını özünüzə ruhən daha yaxın hiss edirsiniz?
– Xarakter olaraq mən dramatik obrazları çox sevirəm. Misal üçün, C.Verdinin “Trubadur” operasından Azuçena, “Aida” operasından Amneris, C.Puççininin “Plaş” (“İl Tabarro”) operasından Fruqola obrazlarını xarakter baxımından özümə daha yaxın hiss edirəm. Komik obrazlar da ifa etmişəm. Lakin yaş artdıqca insanda daha çox ciddi, dramatik obrazları canlandırmaq istəyi yaranır.
– Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vokal sənətini tədris edirsiniz. Sizcə, hansı daha çətindir: bu sənəti tələbələrə öyrətmək, yoxsa ifa etmək?
– Deyərdim ki, hər ikisi. Həm səhnədə ifa etməyin, həm də vokal sənətini tədris etməyin öz çətinlikləri var. Vokal ifaçı özünü nəzarətdə saxlamalı, çoxlu məşq etməli, daima səsi üzərində işləməlidir. Yaşın az olsa da, çox olsa da, mütəmadi çalışmalısan. Bütün bu gərgin məşqlərdən sonra səhnədə uğurla çıxış etmək, təbii ki, insanın özünə böyük zövq verir. Öyrətməyə gəldikdə isə, tədris etməyi sevirəm. Hesab edirəm ki, vokal müəllimi özü bir həkimdir. Biz vokal imkanları baxımından çətinliyi olan tələbəyə kömək etməliyik. Müxtəlif problemləri olan tələbələrlə işləmək, onları doğru istiqamətə yönəltmək yorucu proses olsa da, öyrətməkdən, tələbə ilə çətinliklər üzərində işləməkdən usanmıram. Çünki tələbənin səhnədə parlaq çıxışı, ilk növbədə, müəllimin uğurudur.
– Hazırda klassik musiqinin təbliği, gənclərin ona münasibəti sizi qane edirmi?
– Düşünürəm ki, indi gənclərə maraqlı olacaq yeni layihələr hazırlanmalı, zəngin proqrama malik konsertlər təşkil edilməlidir. Təkcə əsər oxuyub, səhnədə ifa etməklə yaxşı təcrübə əldə etmək olmaz. Eyni zamanda vəhdət şəklində dirijorla, rejissorla işləyib, orkestrlə ifa edərək böyük təcrübə əldə edə və imkanlarını genişləndirə bilərsən. Həmçinin ayrı-ayrı peşəkarların ustad dərslərini təşkil etmək lazımdır. Bu, tələbələr üçün çox əhəmiyyətlidir.
– Ötən ilin sonlarında Astanada “İpək Yolu” festivalında iştirak etdiniz. Bu səfər haqqında təəssüratınızı bizimlə bölüşərdiniz.
– “Astana Opera”da keçirilən IV Beynəlxalq “İpək Yolu” Festivalına 13 ölkədən sənətçilər qatılmışdı. Bir aya yaxın davam edən festivalda “Turandot”, “Yevgeni Onegin” operaları səhnəyə qoyulmuşdu. Mən isə qala-konsertə dəvət olunmuşdum, çox maraqlı konsert keçirildi. Təəssüratım çox gözəldir. Əzəmətli teatr, möhtəşəm orkestr, istedadlı dirijor və kollektiv, maraqlı rejissor işi, müasir səhnə quruluşu – hər şey mükəmməl idi. Bir sözlə, belə musiqiçilərlə bir səhnəni bölüşmək çox xoş idi.
Ofeliya İsgəndərova
musiqişünas