Azərbaycan
18 yanvar 1925 – Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 – 2.11.1991) anadan olub.
18 yanvar 1927 – Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927 – 5.12.1997) anadan olub. Akademik Opera və Balet Teatrında çalışıb.
18 yanvar 1928 – Musiqişünas, sənətşünaslıq doktoru, Əməkdar elm xadimi Ağa Əhməd İsa oğlu İsazadə (1928-2007) anadan olub.
18 yanvar 1941 – Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor, ssenarist Eldar Tofiq oğlu Quliyev (1941 – 16.4.2021) Bakıda doğulub. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi” və s. filmlərə quruluş verib. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
18 yanvar 1983 – Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 27.8.1921 – 1983) vəfat edib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.
18 yanvar 2002 – Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, professor Cövdət İsmayıl oğlu Hacıyev (18.6.1917 – 2002) vəfat edib. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, Q.Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.
19 yanvar 1873 – Azərbaycanın ilk maarifçi qadınlarından Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873 – 6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarındandır. Ömür-gün yoldaşı C.Məmmədquluzadənin bioqrafiyasını yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.
19 yanvar 1923 – Əməkdar incəsənət xadimi, müasir Azərbaycan təsviri sənətinin banilərindən Cavad Mirhaşım oğlu Mircavadov (1923 – 24.6.1992) Bakıda anadan olub. Əsərlərində şifahi xalq ədəbiyyatı personajlarına geniş yer verib. Əsərləri: “Şərq miniatürü mövzusunda improvizasiya” silsiləsi, “Toy”, “Şaman-qadın” və s.
19 yanvar 1931 – Xalq artisti Aydın Ağa oğlu Şahsuvarov (1931-1986) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.
19 yanvar 1980 – Əməkdar artist Məmməd Abbasqulu oğlu Cəfərov (1912-1980) vəfat edib. Gəncə Dram Teatrında aktyor, Gəncə Dövlət Filarmoniyasında direktor işləyib.
20 yanvar 1882 – Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində doğulub.
20 yanvar 1924 – Əməkdar incəsənət xadimi Yusif Məmməd oğlu Bağırov (1924 – 28.11.1996) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor və baş rejissor işləyib, “Azərbaycanfilm” kinostudiyasında filmlərin ikinci rejissoru olub.
20 yanvar 1946 – Əməkdar incəsənət xadimi, bəstəkar Tahir İsmayıl oğlu Əkbər (1946 – 2.3.2018) anadan olub. Simfonik və kamera əsərlərinin, populyar mahnıların (“Dərdin alım”, “Heç küsməyin yeridirmi?”) müəllifidir.
20 yanvar 1977 – Şair, publisist, Əməkdar mədəniyyət işçisi Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 –1977) vəfat edib.
20 yanvar 2010 – Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar abidə kompleksinin açılışı olub. Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.
Dünya
18 yanvar 1689 – Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.
18 yanvar 1882 – İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne; 1882-1956) anadan olub.
19 yanvar 1809 – Amerika yazıçısı və şairi Edqar Po (Edgar Allan Poe; 1809-1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır. Bir çox hekayə və novellaları (“Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qara pişik”, “Qarğa” və s.) əsasında filmlər çəkilib.
19 yanvar 1839 – Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne; 1839-1906) anadan olub.
19 yanvar 1865 – Rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub.
20 yanvar 1804 – Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue; 1804-1857) anadan olub. “Parisin sirləri”, “Matilda”, “Məhəbbət uşaqları” və s. romanların müəllifidir.
20 yanvar 1920 – İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini; 1920 – 31.10.1993) anadan olub. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.
Hazırladı: V.Orxan