Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1971-ci il 9 dekabr

 

Bakıda Azərbaycan Teatr Cəmiyyətinin 5-ci qurultayı keçirilib. Azərbaycan KP-nın Birinci katibi Heydər Əliyev yaradıcılıq təşkilatlarının qurultaylarına şəxsən qatılır, təbrik məktubları göndərir, bu vəsilə ilə mədəniyyətin müvafiq sahəsi ilə bağlı fikir və tövsiyələrini diqqətə çatdırırdı.

Azərbaycan KP MK-nın  qurultaya təbrik məktubundan:

 “...Teatr kollektivlərinin əsas diqqəti tamaşaların ideya və bədii səviyyəsinin yüksəldilməsinə, dramaturqlarla yaradıcılıq əməkdaşlığı şəraitində sovet tamaşaçısının getdikcə artan tələblərinə və yeni insan tərbiyəsi vəzifələrinə cavab verən əsərlərin yaradılmasına yönəldilməlidir...

Azərbaycan Teatr Cəmiyyəti tamaşaların ideya-bədii səviyyəsinin yüksəlməsinə yardım edən səhnə əsərlərinin yaradılmasına, repertuarın düzgün formalaşmasında, teatr işçilərinin professional ustalığının və nəzəri hazırlığının daha da artmasında teatrlara kömək etməli, yaradıcılıq əlaqələrinin inkişafına və qardaş xalqların teatr sənətinin təcrübəsi ilə qarşılıqlı zənginləşməyə yardım göstərməlidir...”.

 

1972-ci il 20 yanvar

 

SSRİ-nin aparıcı mətbu nəşri – “Pravda” qəzetində Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin ideoloji işin təşkili ilə bağlı məqaləsi dərc olunub. Məqalədə respublikada mətbuat, mədəniyyət və ədəbiyyat sahəsində vəziyyətdən də bəhs edilib.

“...Son vaxtlar kütləvi məlumat və təbliğat orqanlarının – mətbuatın, televiziyanın, radio verilişlərinin rolunu artırmaq sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir... İdeya və ədəbi səviyyəsi aşağı olan materiallar dərc etmiş “Təşviqatçı” jurnalının, qadınlar arasında iş məsələlərinin işıqlandırılmasında lazımi ardıcıllıq göstərməyən “Azərbaycan qadını” jurnalının, obıvatel meyillərini əks etdirən məqalələrə öz səhifələrində yer vermiş “Qobustan” almanaxının işindəki səhvlər və nöqsanlar göstərilmişdir. Respublika Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, respublika Mədəniyyət Nazirliyinin fəaliyyətini yaxşılaşdırmaq üçün tədbirlər görülmüşdür. İdeoloji fəaliyyətin kitab-nəşriyyat işi kimi mühüm sahəsinə də böyük diqqət yetirilir, çünki bir sıra illər ərzində respublikada mövcud olan yaramaz iş qaydasına görə nəşriyyat və Dövlət Mətbuat Komitəsi işçilərinin subyektivizmi və səhlənkarlığı nəticəsində az aktual mövzularda yazılan, bəzən də heç bir əhəmiyyəti olmayan bir çox kitab nəşr edilmişdir...

...Ayrı-ayrı yazıçılar həyatımızın proseslərini, müasirlərimizin daxili aləmini səthi, sönük, hətta təhrif olunmuş şəkildə əks etdirirlər... Teatrların yaradıcılıq həyatında da hələ həll edilməmiş problemlər vardır. Məsələn, onların bəzilərinin repertuarında məzmunu o qədər də dərin olmayan əyləndirici pyeslər üstün yer tutur...”.

 

1972-ci il 9 fevral

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Səməd Vurğun adına Rus Dram Teatrının 50 illiyinə həsr olunmuş təntənəli gecədə çıxış edib.

 

1972-ci il 19 aprel

 

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Heydər Əliyev yığıncaqda çıxış edib.

 

1972-ci il 26 aprel

 

Heydər Əliyev Azərbaycan rəssamlarının VII qurultayında nitq söyləyib.

“...Zaqafqaziya respublikalarının bu yaxınlarda Moskvada nümayiş etdirilmiş təsviri sənət sərgisi rəssamlarımızın ustalığının və ideya-siyasi yetkinliyinin artdığını, yaradılan əsərlərin məzmunlu və bədii cəhətdən dolğun olması üçün onların məsuliyyətinin yüksəldiyini göstərdi.

Azərbaycan rəssamlarının xalq ilə, respublikanın əmək kollektivləri ilə canlı əlaqələri daim möhkəmlənir. Sərgilər təşkil edilməsi, müəssisələrdə, kolxoz və sovxozlarda, məktəblərdə müntəzəm olaraq yaradıcılıq hesabatları və görüşlər keçirilməsi buna kömək edir.

Azərbaycan təsviri sənətinin inkişafında böyük müvəffəqiyyətlər qazanılmışdır. Lakin bu müvəffəqiyyətlər rəssamları arxayınlaşdırmamalı, onların yüksək məsuliyyət hissini, öz yaradıcılığına tələbkarlıqla yanaşmaq hissini kütləşdirməməlidir. Bizdə dayaz məzmunlu, sönük formalı əsərlər hələ də az deyildir...”.

***

Mədəniyyət və incəsənət sahəsində fəaliyyətə, nailiyyətlərə dövlət tərəfindən qiymət verilirdi.

 

1972-ci il 19 aprel

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə musiqiçi kadrlar hazırlamaqda xidmətlərinə görə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib.

 

1972-ci il 19 aprel

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə musiqiçi kadrlar hazırlanmasında, Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə və Azərbaycan Dövlət Konservatoriyasının 50 illiyi münasibətilə burada çalışan bir qrup incəsənət xadiminə fəxri adlar verilib: Xalq artisti – violonçel ifaçısı Sabir Əliyev, pianoçu Kövkəb Səfərəliyeva; Əməkdar incəsənət xadimi – bəstəkarlar Azər Rzayev, Xəyyam Mirzəzadə və b.; Əməkdar artist – arfa ifaçısı Aida Abdullayeva, pianoçu Fərhad Bədəlbəyli və b.

Bundan əlavə, Azərbaycan Dövlət Konservatoriyasının 50 illiyi ilə əlaqədar uzun illər burada səmərəli fəaliyyət göstərmiş şəxslər, o cümlədən rektor Soltan Hacıbəyov, Bəstəkarlıq kafedrasının professorları Cövdət Hacıyev, Qara Qarayеv, Vokal kafеdrasının profеssoru Şövkət Məmmədova Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif ediliblər.

Hazırladı: V.Orxan

(davamı var)