İllər ötür və bizim bir zamanlar səhnədə, teleekranda, kinolentlərdə yaddaşımızda iz salan gənc, şən, həyat dolu aktyorlarımız yaşlanır. Bu zaman qəribə, ağır bir reallıq güc gəlir adama. Bir-birini külək kimi əvəz edən fəsillər ötdükcə, bir az da romantik təsvir etsək, “Dağları, daşları qocaldan zaman, Bilmirəm, bəs niyə özü qocalmır” sualının qarşısında aciz qaldıqca mütəəssir olursan...
Bütün hallarda, necə və nəyə sərf olunmasından asılı olmayaraq, zaman ötür, ömür keçir. Səhnə, sənət adamları isə buna rəğmən daim sənətdə olmaq, tamaşaçı alqışı ilə ovunmaq kimi bir səadət üçün çalışıb çarpışırlar. Hər bir aktyorun, sənət insanının mütləq öz tamaşaçısı, sevəni olur.
Bu mənada xeyli sənətsevər Xalq artisti Əli Nurun 75 illik yubileyi münasibətilə yanvarın 14-də Akademik Milli Dram Teatrının salonuna toplaşmışdı. Bununla ona – artıq yaşlı aktyor nəslinin sırasında yer alan Əli Nura da rəğbətlərini bir daha isbat etmək istəyirdilər.
Bəli, yanvarın 10-da yaşının üstünə yaş da gələn, yaşa dolmaq gerçəyinə bir də şəhid oğul ağrısını qata-qata illəri qarşılayan və bütün ağrılara rəğmən qəlbində ümidə də bir köşə saxlayan Əli Nur artıq 75 yaşındadır. Budur, qamətini şax tutub, baxışlarını duruldub, nisgilini səhnənin ardında qoyub şövq və həvəslə tamaşaçıları qarşısına çıxıb.
Az sonra oynayacağı tamaşadakı qəhrəmanın obraz-qiyafəsində salondakılar ilə salamlaşır. Cəlil Məmmədquluzadənin ölməz “Ölülər”nin budəfəki tamaşası onun yubileyinə həsr olunub.
Teatrın bədii rəhbər-direktoru, Xalq artisti, həmçinin Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov sənətkarı yubiley yaşı münasibətilə təbrik edir, onun səhnə fəaliyyəti haqqında danışır, aktyor məziyyətlərini sadalayır. Onun istər Sumqayıt Dövlət Dram Teatrında, istərsə də 40 ilə yaxın çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bir-birindən maraqlı, yaddaqalan obrazlar yaratdığı, tamaşaçı sevgisi qazandığı vurğulanır. Aktyorun sənət fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyi, onun fəxri adlara, mükafatlara layiq görüldüyü qeyd edilir.
Yubilyara Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının təbrik məktubu və Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı təqdim edilir.
Ona ünvanlanan xoş sözlərdən təsirlənən aktyor diqqətə görə hər kəsə təşəkkür edir. Səhnədə olmağın, tamaşaçılar qarşısında hər bir çıxışın onu hədsiz xoşbəxt etdiyini dilə gətirir.
Bir neçə dəqiqədən sonra Əli Nuru yenə səhnədə görürük. Bu dəfə “Ölülər”in Hacı Həsən ağası kimi.
Xatırladaq ki, tamaşa 2019-cu ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb və Cəlil Məmmədquluzadənin 150 illiyi münasibətilə sənətsevərlərin ixtiyarına verilib. Səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir. Azərpaşa Nemətovun quruluşçu rejissoru olduğu tamaşada böyük bəstəkar Qara Qarayevin illər öncə “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.
Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri Əməkdar artist Anar Heybətov oynayırlar. Digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva ifa edirlər.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Bundan əvvəl tamaşanın ümumi planında xurafata uymuş avam hacılardan birinin obrazında yer alan, amma miqyasından asılı olmayaraq, rolunu tamaşaçısına bacarıqla göstərən Əli Nur bu dəfə Hacı Həsən ağa kimi əsl ovqatında idi: məmnun və həyəcanlı. Məncə, yaşından və təcrübəsindən asılı olmayaraq, məsuliyyətli aktyor hər səhnəyə çıxanda məhz tamaşaçı ilə ünsiyyətin həyəcanı və ondan sonrakı sevincini məhz belə duymalıdır.
Milli teatrımızın əvəzsiz dramaturqu Cəfər Cabbarlının təbirincə desək, aktyor, hər şeydən əvvəl, canlı bir ədəbiyyatdır. Ədibin yuxusuz gecələr boyu çalışıb ərsəyə gətirdiyi əsəri, onun qəhrəmanını canlandıraraq... Və aktyor bir rəssamdır ki, özü öz əsəridir...
Həmidə Nizamiqızı