Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, ictimai xadim Babulla Səlimov yanvarın 15-də, ömrünün 78-ci ilində dünyasını dəyişib.
Babulla Səlimov 1945-ci ildə anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (indiki ADNSU), Bakı Ali Partiya Məktəbini bitirib. Uzun illər neft sənayesində çalışıb, Əli Bayramlı (indiki Şirvan) Neft Texnikumunun direktoru, şəhər İcraiyyə Komitəsinin, İcra Hakimiyyəti başçısının müavini kimi məsul vəzifələrdə çalışıb.
Ötən əsrin 70-ci illərindən dövri mətbuatda Babulla imzası ilə elmi-publisistik, bədii yazılarla çıxış edib, xalqımızın tarixi ilə bağlı taleyüklü problemlərə toxunub. 20 Yanvar şəhidlərinə həsr olunmuş “Xiyabandan gələn səslər” şeirlər kitabı 1991-ci ildə, “Yaddaşın abidəsi” fəlsəfi-publisistik kitabı 2000-ci ildə, “Sonam” xatirat kitabı 2013-cü ildə nəşr edilib.
B.Səlimov Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və tərcüməçi Səlim Babullaoğlunun atasıdır.
“Mədəniyyət” qəzetinin kollektivi Səlim Babullaoğluna atasının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.