Xəbər verildiyi kimi, yanvarın 13-də günün ikinci yarısında əsən güclü külək ölkənin bir sıra bölgələrində fəsadlar törədib, o cümlədən elektrik xətlərinə, binaların dam örtüyünə zərər vurub.
Güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurdub. Muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətlər qırılıb.
Hadisə sonra Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən Sumqayıt RMİ-nin nümayəndələri ev-muzeyə baxış keçirib, binaya və elektrik təsərrüfatına dəymiş zərər qiymətləndirilib.
Yanvarın 14-də muzeyə elektrik enerjisinin verilişi bərpa edilib. Binanın dam örtüyünün bərpası ilə bağlı işlərə başlanılıb. Yanvarın 15-də muzeyin binasının dam örtüyündə n bərpa işləri başa çatdırılıb.
Qeyd edək ki, Cəfər Cabbarlının (1899-1934) Xızıdakı ev-muzeyi ədibin həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla fəaliyyətə başlayıb. 13 ildən sonra muzey olaraq dövlət qeydiyyatına alınıb. Muzeyin fonduna ümumilikdə 500-dən çox eksponat daxildir.