Azərbaycan poeziyasında öz izini qoymuş, şeirləri ilə əbədiyyət qazanmış mərhum şairimiz Əli Kərim Sumqayıt şəhərinin ədəbi mühiti ilə sıx təmasda olmuşdur. Bu təmasla bağlı xatirələr sözügedən şəhərdə hələ də yaşamaqdadır. Onun adına olan poeziya klubunun isə Sumqayıt şəhərində gəzmədiyi ünvan qalmayıb.
Şairin vəfatından sonra Sumqayıt yazarları onun adını daşıyan poeziya klubu yaratmaq təşəbbüsünü irəli sürüblər. Beləliklə, 1980-ci ildə yerli ədəbi mühitdə tanınmış imza sahibi Vaqif İbrahimin rəhbərliyi alitında bu təşəbbüs həyata keçirilib: ictimai əsaslarla fəaliyyət göstərən Əli Kərim adına Poeziya Klubu yaradılıb. Yarandığı dövrdən indiyə qədər klub Sumqayıt ədəbi mühitini fəallaşdırmaq, istedadlı gəncləri üzə çıxarıb, yazarların kitablarının nəşr problemlərini həll etmək, ədəbi tədbirlər vasitəsi ilə ədəbiyyat prinsiplərini təbliğ etmək çərçivəsində xeyli işlər görüb.
Sonralar rəsmi surətdə mədəniyyət ocağı statusu qazanan klubun dəfələrlə ünvandan-ünvana köçməsi onun sistemli fəaliyyətinə mane olub. Yaranışında şəhərin «Şahmat Evi»nin binasında xidməti otaqlar və geniş zalla təmin olunaraq fəaliyyətə başlamış klub 1990-cı ildə S.Vurğun və C.Cabbarlı küçələrinin kəsişməsindəki bir binaya köçürülür. 1992-ci ildə bu klubun təşkilatçılığı ilə şair İbrahim İlyaslının və nasir Varisin rəhbərliyi ilə «Gənclik» nəşriyyatında yerli yazarların «Sahilsiz dəniz» ədəbi almanaxı nəşr edilir və bu ədəbiyyatsevərlər arasında geniş rezonans doğurur. Üç il yeni ünvanda fəaliyyət göstərən klub yerli rəhbərliyin sərəncamı ilə “Qarabağ” kinoteatrının binasına köçürülür. 2002-ci ildə klubun yeni köçhaköçü başlayır. Bu dəfə Uşaq kitabxana klubunun binası ünvana çevrilir. Burada bir neçə illik fəaliyyətdən sonra poeziya klubu bu dəfə Şəhər Tarix Muzeyinə köçürülür. Muzey yüksək səviyyədə təmir edilməyə başlandıqda, klub yenidən geriyə - uşaq kitabxana klubuna qaytarılır və burada bir otağa sığınmağa məcbur olur.
Ünvandan-ünvana köçən klub şəhər mədəniyyət sisteminə daxildən çoxsaylı klublar arasında öz xüsusi təyinatı ilə seçilir. O, sırf ədəbiyyat missiyasını daşıyır. Poeziya klubunun rəhbəri şair İbrahim İlyaslı hazırkı vəziyyətlə bağlı suallarımıza cavab verərək, müəyyən məsələlərə münasibət bildirdi. Əvvəlcə qeyd etdi ki, Sumqayıt ədəbi mühiti respublikada öz sözünü deyən və qəbul edilən bir mühitdir. Bu işdə Əli Kərim adına Poeziya klubunun da kifayət qədər payı var. Yaşlı nəsil yazarlarından Tofiq Məmmədin, Məmməd Namazın, Əşrəf Veysəllinin adlarını çəkən klub rəhbəri, tanınmış şair Məmməd Aslanın bu gün də klubun işində iştirak etdiyini bildirirək, estafeti davam etdirmiş digər tanınmış imzaları da xatırlatdı. «Ulduz» jurnalının baş redaktoru, nasir Elçin Hüseynbəylinin ilk hekayəsinin məhz klubun nəşr etdirdiyi «Sahilsiz dəniz» almanaxında çap olunduğunu diqqətə çatdıran İ.İlyaslı, bu ədəbi mühitin yetirmələri olan nasir Varisin, Əyyub Qiyasın, Gülbala Mehdinin imzalarının yetərincə tanındığını söylədi. Bu mühitdən həm də iki Prezident təqaüdçüsü olan yazar yetişib. İndi bu sıraya ən gənc nəsildən olan və klubun işində fəal iştrak edən Feyziyyə, İlham Çərkəz, Fərhad Mete kimi şairlərin də imzaları qoşulub. Qeyd edək ki, adları çəkilən hər üç yazar Mədəniyyət və Turizm Nazirliyinin Gənc Ədiblər məktəbinin də ən fəal üzvləridir. Klubun bugünkü ünvanının fəaliyyət üçün nə qədər səmərəli olub-olmaması sualına isə İ.İlyaslı, yerləşdikləri müəssisənin yerini dar etməkdən əlavə, onların ixtiyarına verilmiş bir otağın özləri də çox darısqalığından gileylənərək belə bir şəraitsizliyin ədəbi fəaliyyətə tam imkan vermədiyini söylədi. Eyni zamanda müsahibimiz klubun ənənələrini nəzərə alaraq tam münasib məkanla təmin ediləcəklərinə inandığını da bildirdi. Elə bir məkan ki, orada ədəbi toplantılar, müzakirələr keçirilsin və bir şəhərin ədəbiyyat aurasına olan ehtiyacı ödənilə bilsin. Bu məqamda İbrahim müəllim daha bir faktı vurğuladı. Klubun işində fəallıq göstərmiş və hazırda Londonda yaşayan Rauf Qaraişığın şeirləri ABŞ-da çap edilmiş «Dünya poeziyasından seçmələr» toplusuna daxil edilib. Klub rəhbəri əgər yeni informasiyalar texnologiyası ilə təmin olunarlarsa, istedadlı şairlərin Sumqayıt dairəsində dünyaya pəncərə aça biləcəyini də söylədi. Biz də ədəbiyyatımızın dünyaya çıxmaq gücünə inanaraq, Əli Kərim adına klubun timsalında Sumqayıt ədəbi mühitinin nəzərdə saxlanılacağına ümid edirik. Ən azı bu şəhərdə Əli Kərimin həmişəgənc poeziyasının izləri qorunub saxlandığı üçün.
Sabutay