1990-cı ilin 20 yanvarında əliqanlı sovet ordusunun Bakıda dinc əhaliyə qarşı həyata keçirdiyi qırğının 33-cü ildönümü tamam oldu. Hər il olduğu kimi, bu il də Ümumxalq Hüzn Günü münasibətilə faciə qurbanlarının əziz xatirəsinə ehtiram olaraq müxtəlif tədbirlər, anım mərasimləri təşkil edildi.
Tədbirlərdə tariximizə milli qürur və hüzn günü kimi yazılan bu məşum hadisənin səbəbləri, xalqımızın müstəqillik və suverenlik uğrunda mübarizəsini daha da alovlandırması, nəhayət, haqlı mücadilənin öz məqsədinə nail olması – ölkəmizin istiqlaliyyətini əldə etməsi ilə nəticələndiyi bir daha vurğulandı.
Yanvarın 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Qara Yanvar” faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım konserti keçirildi.
Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət, incəsənət xadimləri və digər qonaqların iştirak etdiyi musiqi axşamında ilk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Rauf Abdullayev) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor – Xalq artisti Gülbacı İmanova) müşayiətində solistlər Səbinə Əsədova (metso-soprano), Anton Ferştandt (bas-bariton), Əliəhməd İbrahimov (tenor) və Nigar Tağıyeva (soprano) V.A.Motsartın “Rekviyem d-moll K.626” əsərini ifa etdilər.
Anım mərasimində təqdim olunan musiqi əsəri 33 il öncə Azərbaycanın haqq işi uğrunda canından keçən Vətən övladlarının unudulmaz xatirəsinə ehtiramın ifadəsi idi.
Nurəddin Məmmədli