Milli operamızın tarixinə qısa nəzər

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq diapazonu çağdaş musiqi həyatımızın bir hissəsidir. Bir əsrdən çoxdur Üzeyir Hacıbəylinin milli ruhumuzdan yoğurulmuş bənzərsiz musiqisi, müxtəlif janrlarda əsərləri Azərbaycan mədəniyyət xəzinəsinin qızıl səhifələrini təşkil edir. Uzun illər boyu xalqımız Üzeyir Hacıbəylinin musiqisi ilə qidalanmış, maariflənmiş, sənət zövqü inkişaf etmişdir. Onun mədəniyyət tariximizə və musiqi sənətimizə ən böyük töhfəsi isə milli operanı yaratmasıdır. Üzeyir bəyin “Leyli və Məcnun” operası ümumilikdə müsəlman Şərqində opera tarixinin başlanğıcıdır.

Əsər dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılmışdır. “Leyli və Məcnun” operası 25 yanvar (köhnə təqvimlə 12 yanvar – red.).

1908-ci ildə Tağıyev teatrında – “Nicat” xeyriyyə-maarif cəmiyyətinin təşkilati dəstəyi ilə səhnələşdirilmişdir. Operanın rejissoru Hüseyn Ərəblinski olmuşdur. Premyera günü H.Sarabski (Məcnun), Ə.Fərəcov (Leyli), C.Dağıstani (İbn Salam) və b. aktyorlar öz çıxışları ilə səhnəni fəth etmişdilər.

Şübhəsiz, operanın səhnələşdirilməsi Üzeyir Hacıbəyli və rejissor, aktyor heyəti üçün olduqca mürəkkəb bir yol olmuşdur. Ən çətin məsələ isə səhnədə Leyli roluna ifaçı tapmaq, müsəlman cəmiyyətini buna hazırlamaq idi. Eyni zamanda da digər millətlərdən qadın ifaçı dəvət etmək də mümkün deyildi. Çünki Leyli obrazını yalnız qəzəlləri və muğamları bilən, milli səs koloritlərinə malik azərbaycanlı xanəndə oxuya bilərdi. Hər şeyə rəğmən Tanrı Üzeyir Hacıbəylini tək qoymayaraq onun qarşısına gözəl səsə malik çayçı Əbdürrəhman Fərəcovu çıxardır.

Bir gün Üzeyir bəy çayxanada cavan bir çayçının yanğılı oxumasının eşidərək məhz onu Leyli obrazının ifaçısı kimi dəvət edir. Uzun sürən danışıqlardan sonra o, razılıq verərək Leyli obrazını canlandırır. Tamaşa çox uğurlu keçir və böyük tamaşaçı rəğbəti qazanır. Lakin kişinin qadın rolunu oynamasını qəzəblə qəbul edən qoçular Ə.Fərəcovu izləməyə başlayırlar. Xoşbəxtlikdən Üzeyir Hacıbəyli və onun yoldaşları Ə.Fərəcovu qorumağı bacarır.

Operanın növbəti tamaşalarında Leyli rolunu Əhməd Ağdamski ifa etməyə başlayır. Zamanla müsəlman cəmiyyəti opera sənətinin mahiyyətini dərk edir. 1920-ci illərdən sonra nəhayət, Sona Hacıyeva, Sürəyya Qacar kimi qadın ifaçılar Leyli obrazı ilə opera sənətinə gəlirlər və məhz onlar tarixdə qadın aktrisalar üçün yeni səhifələr açırlar. Bununla da, Üzeyir Hacıbəyli nəinki muğam operasının əsasını, həm də opera sənətinin böyük bir tarixi yolunun əsasını qoyur.

Operaya tamaşa etdikdə insan sanki çağdaş zamandan qoparaq xəyali şəkildə orta əsrlərə – “Leyli və Məcnun”nun dövrünə qayıdır. Operada bütün musiqi nömrələri təsirli və hikmətamizdir. Lakin Üzeyir Hacıbəylinin operada baş qəhrəmanların obrazlılığını, ifadəliliyini qabartmaq üçün yazdığı bəzi musiqi nömrələri xüsusilə təsiredici və diqqətəlayiqdir. Qısa bir fraqmentə nəzər salaraq deyə bilərik ki, bir dinləyici kimi operada Leylinin ölüm ayağında ikən İbn Salama “Ey mənə qəmxar olan” sözləri ilə başlayan ariyası bu gün də ürəkləri fəth etməyi bacarır. Əgər Üzeyir Hacıbəyli uşaq ikən “Məcnun Leylinin məzarı üstə” şəbih səhnəsinə baxaraq təsirlənmişdirsə, operada o, bu təsirli hissləri, qəlb dağlayan ayrılığın ağrı-acısını nəinki Məcnunun, həm də İbn Salamın timsalında yaratmışdır. Opera olduqca güclü sevgi ruhunda yazıldığı üçün burada əsl məhəbbət, sevgidə vəfa, sadiqlik birbaşa tamaşaçıya ötürülür.

“Leyli və Məcnun” operasının səhnələşdirilməsindən 115 il ötsə də, o bu gün də ali hisslərin təcəssümünün ən gözəl nümunəsidir. Çünki saf məhəbbət – ülvi hisslərin təzahürü kimi daima əsrlərin hakimidir. Buna görə də qürurla deyə bilərik: yaşasın Üzeyir Hacıbəylinin ölməz sevgi əfsanəsi”. 115 yaşlı “Leyli və Məcnun”, sənət şöhrətin əbədi olsun!...

Selcan Heydərova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin elmi işçisi