Bu il Azərbaycan memarlığının inkişafında silinməz iz qoymuş Zivər bəy Əhmədbəyovun anadan olmasının 150 illiyidir. Yaratdığı bənzərsiz memarlıq nümunələri ilə paytaxtımızın hüsnünə yeni çalarlar bəxş edən sənətkar əbədi xatırlanacaq zəngin bir mədəni miras qoyub.

Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində anadan olub. Geniş dünyagörüşlü, müasir fikirli Gəray bəy Şamaxıda quberniya idarəsində kiçik məmur vəzifəsində çalışıb. Övladının təlim-tərbiyəsinə ciddi nəzarət edib. Zivərin məktəb yaşı çatanda əvvəl molla məktəbinə qoyur. Bir il sonra Bakıya gimnaziyada oxumağa göndərir. Zivər burada istedadı və çalışqanlığı ilə müəllimlərinin diqqətini çəkir.

Zivər 1893-cü ildə “əlaçı tələbə” statusu ilə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna göndəriş alır. Bu, o dövrün imkanlı ailələrindən uşaqların oxuduğu təhsil ocağı idi. O, burada da fəal, bacarıqlı tələbə kimi ad çıxarır. Sankt-Peterburqda fəaliyyət göstərən Rusiya Memarlıq və Zərif Sənətlər İttifaqına üzv seçilir. Çox keçmir Zivər bəy Əhmədbəyovun xoş sorağı Azərbaycana gəlib çatır. Hələ tələbə ikən o, Sankt-Peterburqda Həsən bəy Zərdabi və İsmayıl bəy Qasprinski ilə görüşür. Bu görüş onun həyatında dərin iz buraxır. Həsən bəy onun dərin zəkalı, açıqfikirli bir gənc olduğunu vurğulayır. İşinə böyük dəyər verir, fəaliyyətini Bakıda davam etdirməyi məsləhət görür.

Bu barədə onun Həsən bəyə yazdığı bir məktubda oxuyuruq: “Sizinlə olan görüşüm hələ də xatirimdədir. Mənə vermiş olduğunuz töhfəni əsla unutmayacağam. İnanıram ki, ən qısa zamanda görüşəcəyik”.

Zivər bəy ali təhsilini başa vurduqdan sonra təyinatla Bakıya gəlir. Qubernatorun qəbulunda olur. Şəhərdə yenicə başlanılan abadlıq işlərinə nəzarətçi təyin edilir. Həmin vaxt Bakı sənaye şəhəri kimi inkişaf yolunda idi. Zivər bəyin işlərində Qərbi Avropa üslubuna meyilin sezilməsi diqqət çəkir. Bu, o zamankı memarlıq sənətində innovasiya kimi qəbul olunurdu. Tikilən binaların xüsusi naxışları və ornamentləri qubernatoru belə təəccübləndirir. Beləliklə, o, az vaxt ərzində Bakı qubernatorunun və elitar təbəqənin şəxsi malikanələrinin memarı kimi tanınır.

Onun layihəsi ilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır. Nadir memarlıq abidəsi kimi tanınan Əjdər bəy məscidi belə tikililərdən biridir.

Dövrünün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyov Bakıda daha bir ibadət məkanı tikmək fikrinə düşür. Xeyli vaxt məqsədəuyğun yer axtarılır. Nəhayət, o zaman Qanlı təpə adlanan ərazini bəyənir və məscidin orada inşa edilməsini istəyir. Tanınmış memar, Təzəpir məscidi və digər nadir memarlıq abidələrində iz qoyan Z.Əhmədbəyova yeni məscidin layihəsini sifariş verir. İstedadlı memar bu sifarişə də yaradıcı yanaşır. Məkkədəki müqəddəs Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən bir layihə hazırlayır. Əjdər bəy zövqlü insan olduğundan bu maraqlı layihəni bəyənir və tikintiyə başlamaq barədə tapşırıq verir. “Kaspi” qəzetində dərc edilən bir məlumata görə, məscidin təməli 1912-ci ilin martında qoyulur. Şərq memarlıq incisinin yeni bir nümunəsi olan Əjdər bəy məscidi 1913-cü ilin dekabrında möminlərin ixtiyarına verilir.

Z.Əhmədbəyov işgüzarlığı və bacarığı sayəsində vəzifə pillələrində də irəliləyir. 1917-ci ilə qədər Bakı Quberniya İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyir. O, eyni zamanda ictimai fəaliyyətlə də məşğul olur. Onun təşəbbüsü sayəsində 1917-ci ildə “İslam mədəniyyət abidələrini qoruyan cəmiyyət” yaranır.

Z.Əhmədbəyov 1918-ci ildən Bakı şəhərinin baş memarı vəzifəsində çalışır. Həmin vəzifəni sovet hakimiyyəti illərində də, ömrünün sonuna qədər icra edib.

Araşdırmalarda bu görkəmli sənətkarın nəsil-nəcabəti və ailə həyatı haqqında çox az məlumat mövcuddur. Arxiv sənədlərində göstərilir ki, o, iyirmi altı yaşında ikən tatar əsilli Zərifə xanım adlı bir bəy qızı ilə ailə həyatı qurur. Zərifə xanımdan bir qızı və bir oğlu olur. Oğlu Cəlil Almaniyada tibb təhsili alır. Onun sonrakı taleyi haqqında isə heç bir məlumat yoxdur. Qızı Nailə xanım qızlar gimnaziyasını bitirir. Sonra Bakı kəndlərinin birində müəllimlik edir. Qarabağ xanları nəslindən olan Cavanşir adlı bir bəylə ailə həyatı qurur.

XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Azərbaycan memarlığında dərin iz qoyan Zivər bəy Əhmədbəyov həyatının coşqun çağında, 1925-ci ildə 52 yaşında Bakıda vəfat edib.

Mədəniyyət xəzinəmizi öz dəyərli əsərləri ilə zənginləşdirən görkəmli memarın adının əbədiləşdirilməsi üçün 2011-ci ilin mayında Bakıda “Nizami” metro stansiyasının qarşısında Prezident İlham Əliyevin iştirakı ilə Zivərbəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub.

Savalan Fərəcov