Regional mədəniyyət idarələrinin (RMİ) tabeliyindəki müəssisələrdə 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə müxtəlif səpkili tədbirlər təşkil olunub.

Şəmkir RMİ. Şəmkir Rayon Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası təşkil olunub. Faciə ilə bağlı məktəblilərə ətraflı məlumat verilib, videoçarx nümayiş etdirilib.

Şəmkir rayon MKS-nin Uşaq şöbəsi “20 Yanvar yaddaşımızın əbədi ağrısıdır” başlığı altında anım mərasimi təşkil edib.

Daşkəsən Rayon Mədəniyyət Mərkəzi və rayon İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində isə 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı törədilmiş qırğından bəhs edilib. 33 il əvvəl baş verən dəhşətli hadisələr Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyyələndirilib.

***

Lənkəran RMİ. Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər çıxış edənlər 20 Yanvar qırğının səbəbləri, Azərbaycan tarixində yeri barədə fikirlərini bölüşüblər. Sonra Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində səsləndirdiyi bəyanatı əks etdirən videoçarx nümayiş olunub.

***

Bərdə RMİ. Bərdə Rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar – hüzn və qürur yerimiz” adlı tədbir keçirilib. Qeyd olunub ki, 33 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli səhifəsidir.

***

Kürdəmir RMİ. Beyləqan Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbirində mərkəzin “Gənclik” xalq teatrı tərəfindən “Vətən, sənə canım fəda!” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

***

Sumqayıt RMİ. Abşeron Rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar həqiqətləri” adlı tədbir keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər çıxış edənlər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

***

İsmayıllı RMİ. İsmayıllı Rayon Mərkəzi Kitabxanasında “20 Yanvar qan yaddaşımızdır” adlı sərgi və məlumat saatı təşkil edilib. Çıxışlarda bildirilib ki, əslində, 20 Yanvar hadisələri Azərbaycan tarixində təkcə faciə deyil, milli azadlığın qalib gəldiyi gündür.

***

Sabirabad RMİ. Sabirabad Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolunu xüsusi vurğulayıblar.

Hacıqabul Rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Hacıqabul nümayəndəliyi, rayon Gənclər və İdman İdarəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilib, bu günün təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun zirvəsi olduğu qeyd edilib.

***

Ağdaş RMİ. Zərdab Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə şəhər 1 saylı məktəb-liseydə “20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” adlı tədbir və sərgi keçirilib.

***

Biləsuvar RMİ. Salyan Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin siyasi qətiyyəti və 20 Yanvar həqiqətləri” adlı tədbir keçirilib, sərgi təşkil olunub. “Qanlı Yanvar” hadisələrinə siyasi qiymət verilməsində Heydər Əliyevin rolundan bəhs edilib.

Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib. Sonra 20 Yanvar şəhidi Səxavət Quliyevin şəxsi əşyalarından ibarət sərgiyə baxış olub. Şəxsi əşyalar şəhidin ailə üzvləri tərəfindən muzeyin fonduna təqdim edilib.

***

Masallı RMİ. Masallı Rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.

Yardımlı Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Qanlı Yanvar” – 33” adlı sərgi nümayiş olunub.

***

Xaçmaz RMİ və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar – qan yaddaşımız” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Xaçmaz şəhər Uşaq incəsənət məktəbinin Rəssamlıq şöbəsi şagirdlərinin əsərləri nümayiş olunub. Qalib və fərqlənmiş iştirakçılar diplomlarla təltif ediliblər.

Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və 20 Yanvar həqiqətləri” adlı rəsm və kitab sərgisi keçirilib.

***

Şəki RMİ. Balakən rayon 2 saylı Diyarşünaslıq klubunda keçirilən anım tədbirində 33 il əvvəl Azərbaycan xalqının öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha göstərdiyi vurğulanıb.

***

Ağstafa RMİ. Ağstafa Rayon Mədəniyyət Mərkəzində “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib. 20 Yanvar həqiqətlərini əks etdirən videoçarx və ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tovuz Dövlət Rəsm Qalereyasında “Unutmadıq, unutdurmarıq” adlı rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.

Tovuz Rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzi və Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən də 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

***

Gəncə RMİ. Gəncə şəhər Uşaq incəsənət məktəbində Ümumxalq Hüzn Gününə həsr olunan sərgi keçirilib. Sərgidə məktəbin Təsviri incəsənət şöbəsi şagirdlərinin əl işlərindən ibarət rəsmlər yer alıb.

Samux Rayon Heydər Əliyev Mərkəzində GİKM-in Samux nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Danışan talelər” adlı film nümayiş etdirilib.

Regional idarənin tabeliyindəki digər mədəniyyət müəssisələrində də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.

***

Ağcabədi RMİ-nin kollektivi Ağcabədi rayonunda yerləşən Qəhrəmanlar parkında 20 Yanvar şəhidlərinin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Hazırladı: N.Məmmədli