Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Qurumunun (YTB) başqanı Abdullah Ərənlə görüşdə türk xalqlarının zəngin mədəni irsinin, eləcə də müxtəlif ölkələrin ərazisində məskunlaşmış azsaylı türk etnik əsilli xalqların mədəni mirasının yaşadılması və təbliğində fondun fəaliyyətindən söz açılıb, bu istiqamətdə iki təşkilat arasında mümkün əməkdaşlığın yolları barədə fikir mübadiləsi aparılıb. YTB başqanı bu səpkidə əməkdaşlığa hazır olduqlarını bildirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumunun birgə layihələri də Türk xalqlarının qədim mədəniyyətinin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə töhfə verəcək. Bu barədə Günay Əfəndiyevanın Ankarada Türk Tarix Qurumunun rəhbəri Birol Çətin ilə görüşündə söhbət aparılıb. Türk Tarix Qurumunun arxeoloji çalışmalara verdiyi dəstək, eləcə də Fondun müxtəlif xarici ölkələrdə məskunlaşmış azsaylı türk etnik köklü xalqlarla bağlı layihələri yüksək qiymətləndirilib.