Bir neçə ay əvvəlin söhbətidir. Şəhidlər xiyabanına getmişdim. 21 yaşlı növcavan balasının məzarı yanında özünə yurd edən Xavər ana ilə yenidən rastlaşdım. “Anacan, belə etmə, soyuq-isti bilmirsən, nə vaxt gəlirəm, burdasan. Azarlayarsan, axı” dedim. Gözünü işıqlı fotosundan gülümsəyən Nurlanının daşlaşan təsvirindən çəkmədən elə söz dedi ki, ürəyim soğantək soyuldu: “İllərdi mən sübhdən evdən çıxıb, axşam gəlirdim. İki işdə işləyirdim. Gecə də oğlum yanacaqdoldurma məntəqəsində işləyirdi deyə evdə olmurdu. Mən balamın üzünü doyunca görmədim heç. Dəymə, heç olmasa, burda oturum. Onsuz da nə onun, nə də mənim tələsən yerimiz yoxdu ta”.
Bəli, dolanışıq, məişət, təhsil... Sanki günləri qovuruq. Bir də görürük ki, balamız böyüdü və əgər qismətində varsa...
Yanvarın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bizi bu ağır mətləblərdən hali qılan səhnə aktının premyerası oldu. “İnanıram” adı verilən monotamaşa müharibədə yeganə oğlunu itirmiş qadının ağrı-acılarından, ümid və ümidsizliklərindən bəhs edir. Biz bir ananın timsalında Vətən savaşında oğul itirmiş anaların ümumiləşdirilmişmiş obrazını, yaşantılarını görə və onlara qoşulub hıçqıra bildik...
Tamaşada bütün hadisələr bir ağacın yanında baş verir. Belə ki, gənc qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən yamacda təkbaşına boy atmaqda olan bir ağac görür. Elə bu ağacın kölgəsində oturarkən də ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ, izahsız rabitə yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən anasının haqqında çox bəhs etdiyi o ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada, sadəcə, bir sığınacağı var – o ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün işğaldan azad edilmiş yamaca qayıdır və bütün olanları ona nəql edir.
Biz gah ağlayan, gah gülən, gah uşaq kimi atılıb-düşən, gah da min ilin qocası kimi ağır-ağır nəfəs alan ananın xatirələrinin, oğlu ilə bağlı az-çox toplaya bildiyi nağılının müşayiətində onların ikinəfərlik dünyasına qonaq oluruq. Övladı ilə istədiyi kimi vaxt keçirə bilməyən, həyatın ucsuz-bucaqsız yol olduğuna inanıb hər gün neçə addım qət etdiklərinin hesab-kitabını aparan və beləcə, yaşamağı unudan anaların, valideynlərin, övladların, insanlığın ağrısı, nisgili vardı bu hekayədə.
Hərəmiz, sözsüz ki, bir pay götürdük. Məsələn, 18 yaşlı oğlunu müharibəyə yola salan ana hələ övladını tanımağa macal tapmır. Və sonra “Kaş uşağımla daha çox oynayaydım, onu parka, teatra, sirkə aparaydım. Bir şey istəyəndə “Dayan, oğlum, sonra, indi işim var yox, hə, bu dəqiqə, geyin, gedək” kimi sadə heyhat içini didib parçalayır.
Ona da, ümumən, oğlu müharibə də şəhid olan bütün analara da mütləq bir təsəlli, inam, tutunacaq ümid lazımdır. Ana durmadan bir sualın altında əzilir: ona zəng edən oğlu “Ana, inanıram ki...” deyir və fikrini tamamlamadan əlaqə itir. Sonra da şəhid olur. Çarəsiz ana durmadan dağa, daşa, divara, qara çərçivədəki şəklə, dibində intihar üçün dayandığı ağaca, yerin altında və üstündə nə varsa, hamısına bir sual verir: görəsən, o, nəyə inanırdı?!
Ananın son dedikləri qulaqlara qurğuşun kimi tökülür: “Biz Zəfər çaldıq. Torpaqlar azad olundu. Amma mən özümə yer tapa bilmirəm. Mənim Vətənim oğlum idi axı...”.
Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyevadır.
Səhnə əsərində ana obrazını teatrın istedadlı aktrisası Zemfira Əbdülsəmədova canlandırır.
Aktrisadan xüsusi ovqat, ana yanğısı və qəhrəmanına ruhi bağlılıq istəyən obrazının öhdəsindən məharətlə gələn (tamaşa bitsə də, Zemfira xanımın göz yaşları dinmirdi) Zemfira Əbdülsəmədova təbii oyun cəhdinə nail oldu.
Sözsüz ki, müəyyən qüsurlar da qaçılmaz idi. Məsələn, intihar üçün yenicə işğaldan azad olunmuş əraziyə gələn ana özü ilə niyə kətil gətirsin? Onun üçün fiziki rahatlıq nə kimi önəm kəsb edir? Yaxud canlı planda heç bir əlavə tərtibat istəməyən tamaşada arabir aktrisaya mane olan rekvizitlər nəyə xidmət edirdi? Onsuz da mətn yükü çox olan və emosional qatda mizandan çox oyunu üzərində dayanan aktrisaya bu kimi əlavə rejissor tələbləri lazım idimi? Anlayıram, rejissorun əsasən kukla tamaşaları quruluşçusu olması bu məsələdə peşə vərdişi kimi qeyri-ixtiyari qabarır.
Hə, bir də müharibə, itki, ana ağrıları, ümumən, lokal mövzu olmaqdan çıxmalıdır. Axı müharibə bəşəri bəladır və dünyanın harasında yaşanmasından asılı olmayaraq, itkinin hiss inikası eynidir. İstənilən səhnə aktında, xüsusən, mono oyunlarda rejissor tamaşanın təsir gücünü artırmaq üçün ifaçıya əlavə yüklər verdikdə estetik detalları, ələlxüsus da, səhnədəki qadındırsa, müəyyən ştrixləri nəzərə almağa borcludur.
Həmidə Nizamiqızı