Yanvarın 24-də Bakı Kitab Mərkəzində xorvat şairi Draqo Ştambuk ilə görüş keçirilib. Görüş çərçivəsində onun Azərbaycan dilinə tərcümə edilmiş “Zefir” şeir toplusunun təqdimatı olub.
Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebic şair, həkim-diplomat Draqo Ştambuk haqqında iştirakçılara məlumat verib. Bildirib ki, Draqo Ştambuk Zaqreb şəhərində tibb sahəsi üzrə təhsil alıb. 1983-cü ildən Londona köçüb və orada fəaliyyət göstərib. 1991-ci ildə Xorvatiya müstəqilliyini elan etdikdən sonra bir müddət diplomat kimi fəaliyyət göstərib. Draqo Ştambuk eyni zamanda məşhur şairdir, bir çox dilə tərcümə edilmiş 70-dən çox şeir kitabının müəllifidir. Təqdim olunan kitab Xorvatiyanın Mədəniyyət və Media Nazirliyinin dəstəyi ilə nəşr edilib.
Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında deyib ki, “Zefir” şeir toplusu çox dəyərli kitablardandır: “Bu kitabı oxumaqla insanların Draqo Ştambukun bir şair kimi düşüncələrini, onun yaradıcılığını daha dərindən tanımağa imkanları olacaq. Kitab ilk dəfə olaraq Azərbaycan dilində nəşr olunub və bu, çox sevindirici haldır. İlklər heç zaman unudulmur və buna görə də Ştambuku təbrik edirəm”.
Daha sonra təqdim olunan kitabı Azərbaycan dilinə tərcümə edən İlqar Əlfioğlu, “Söz” ədəbi layihəsinin yaradıcısı, ictimai xadim, şairə Nigar Həsənzadə, yazıçı-dramaturq İlqar Fəhmi “Zefir” kitabı haqqında danışaraq, onun Azərbaycan dilinə tərcümə edilməsinin gözəl bir addım olduğunu vurğulayıblar.
Şair Draqo Ştambuk “Zefir” kitabı haqqında danışaraq, onun poeziyasına qiymət verən tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə xorvat şairin Azərbaycan dilinə tərcümə olunmuş “Zefir” şeir toplusundan nümunələr səsləndirilib.