Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

121 il əvvəl...

 

31 yanvar 1902-ci ildə Şamaxı şəhərində güclü zəlzələ böyük dağıntı və tələfat törədib. Şamaxıda və ətraf kəndlərdə 2 mindən çox sakin həlak olmuş,  20 min nəfərədək əhali evsiz qalmışdı. Şamaxıda 1856, 1861 və 1872-ci illərdə də dağıdıcı zəlzələlər baş verib.

 

103 il əvvəl...

 

28 yanvar 1920-ci ildə Türkiyə Böyük Millət Məclisi (TBMM) Osmanlı dövləti tərəfindən imzalanmış bütün təslimçi müqavilə və sazişlərin, o cümlədən Türkiyə torpaqlarının parçalanmasını ön görən 1919-cu il 10 avqust tarixli Sevr müqaviləsinin qüvvədən düşdüyünü bəyan edib. TBMM-də qəbul olunmuş bəyannamədə Türkiyənin ərazi bütövlüyünün toxunulmazlığı təsbit edilib.

 

90 il əvvəl...

 

30 yanvar 1933-cü ildə Almaniya Reyxstaqında sayca üçüncü fraksiyaya malik olan Nasional-Sosialist Partiyasının lideri Adolf Hitler prezident Petr Qindenburq tərəfindən reyxskansler (baş nazir) təyin olunub. Bu, Hitlerin de-fakto hakimiyyətə gəlişi idi. Bir il sonra Qindenburq vəfat etdi və Hitler qanunla prezidentlik institutunu ləğv etdi. Almaniyada faşist diktaturası bərqərar olundu.

 

89 il əvvəl...

 

26 yanvar 1934-cü ildə Ümumittifaq Kommunist Partiyasının XVII qurultayında (“qaliblərin qurultayı”) Stalin tərəfindən antisovet qüvvələrə qarşı total repressiyanın konsepsiyası bəyan edilib. Bu, SSRİ-də kütləvi repressiyaların başlanmasına zəmin idi.  Həmin konsepsiyanın ilk qurbanları elə qurultay iştirakçıları oldular. 1937-ci ilədək ümumilikdə XVII qurultayın 1966 iştirakçısından 1108-i güllələnmişdi.

 

81 il əvvəl...

 

29 yanvar 1942-ci ildə SSRİ, Böyük Britaniya və İran arasında faşist Almaniyasına qarşı alyans barədə saziş imzalanıb. Sazişə əsasən, İran ərazisində – Cənubi Azərbaycanda SSRİ-nin hərbi kontingenti yerləşdirildi və müharibənin sonunadək (1945) sovet qoşunları orada qaldı.

 

37 il əvvəl...

 

28 yanvar 1986-cı ildə Birləşmiş Ştatlar kosmik tədqiqatlar sahəsində böyük faciə ilə üzləşib. “Çelencer” kosmik gəmisi (çoxdəfəli istifadə olunan) startdan sonra 73-cü saniyədə partlayıb. Gəmidəki 7 kosmonavtın ölümü Amerika üçün şok oldu. 2003-cü il fevralın 1-də Amerika ikinci belə şok yaşadı: “Columbia” şattlının partlaması nəticəsində yenə 7 kosmonavt həlak oldu.

 

31 il əvvəl...

 

28 yanvar 1992-ci ildə Qarabağ müharibəsi gedişində erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə ən böyük terror aktlarından birini həyata keçiriblər. Ağdam-Şuşa marşrutu ilə uçan “Mİ-8” sərnişin vertolyotu Xankəndidən atılmış raketlə vurulub. Vertolyotdakı 47 nəfərin hamısı həlak olub. Bu, dünya aviasiya tarixində ən böyük mülki vertolyot qəzalarından sayılır.

30 yanvar 1992-ci ildə Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1994-cü ildən təşkilat statusu alıb və ATƏT adlanır) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan və Ermənistan quruma üzv qəbul olunub. ATƏM Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmaq üçün regiona missiya göndərmək barədə qərar qəbul edib.

Hazırladı: V.Orxan