Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1973-cü il 29 may
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Azərbaycan SSR-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-nin (Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası) və ÜİLKGİ-nin (Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı) növbəti keçici Qırmızı Bayrağının təqdim edilməsi münasibətilə təşkil olunan yığıncaqda nitq söyləyib, respublikada digər sahələrlə bərabər mədəni-maarif işindən də bəhs edib.
1973-cü il 13-14 sentyabr
Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə Bakıda təntənəli mərasimlər keçirilib. Respublikanın rəhbəri Heydər Əliyevin təşəbbüsü və SSRİ-nin aidiyyəti qurumlarının təqdimatı ilə Nəsiminin 600 illiyi 1973-cü ildə UNESCO-nun yubileylər siyahısına salınmışdı. Bakıdakı yubiley tədbirlərinə müxtəlif ölkələrdən qonaqlar qatılmışdı. Heydər Əliyev tədbirlərdə çıxış edib. Nəsiminin 600 illiyi şərəfinə Azərbaycan SSR Nazirlər Sovetinin təşkil etdiyi qəbulda (14 sentyabr) nitqindən:
“...Bu günlər qədim Azərbaycan torpağında böyük bayramdır, poeziya bayramı, ədəbiyyat bayramı, bədii söz bayramıdır, ürəklərə sevinc bəxş edən sənət bayramıdır. Bu bayram böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi ilə əlaqədardır.
Öz nəsillərinə gözəl bir irs qoyub getmiş bu müdrik insanın anadan olduğu vaxtdan 600 il keçmişdir. Budur, indi onun vətənində nəsillər şairin fərəhli yubileyini dərin minnətdarlıq hissi ilə qeyd edirlər. Bəşəriyyət özünün ən yaxşı nümayəndələrini, onu mənəvi cəhətdən zənginləşdirən simaları həmişə yüksək qiymətləndirmişdir. Bəşər tarixinin müxtəlif mərhələlərində bir çox görkəmli şəxsiyyətlər yetişmişdir. Hər bir xalq həmin dühaların tərəqqiyə, işıqlı həyata, xoş güzərana çağırışları ilə haqlı fəxr edir. Azərbaycan xalqı öz böyük övladlarının – Nizaminin, Xaqaninin, Füzulinin və başqalarının adlarını iftixarla çəkir. Bu gün isə biz Azərbaycan və dünya poeziyasının parlaq ulduzu İmadəddin Nəsiminin yubileyini qeyd edirik.
Lakin Nəsiminin yaratdığı, qoyub getdiyi irsə heyran olduğumuzu bildirərkən biz gərək onun ikinci yaranışından da danışaq. Yalnız bizim zəmanədə Nəsimi əsrlərin dərinliklərindən qaldırılmışdır və o, layiqincə qiymətləndirilir. Bu gün Nəsimi bütün dünya qarşısında bütün əzəməti ilə ucalır. O, elə bir insan idi ki, hələ uzaq keçmişlərdə cəhalətpərəstlərdən qorxmayıb zülmə, riyakarlığa, dini mövhumata etiraz səsini ucaldır, çox-çox irəliyə nəzər salırdı. Görkəmli Azərbaycan şairi, müasirimiz Səməd Vurğun Nəsimi haqqında belə demişdir: “Tarixlər boyunca qaldı yadigar ölməz fikirlərin, ölməz sözlərin”.
Nəsiminin yubileyi Azərbaycan xalqının, eləcə də bütün xalqların mədəniyyətinin tərəqqisinə daha bir parlaq sübutdur. Bütün müttəfiq respublikaların nümayəndələrinin iştirakı ilə keçirilən Nəsimi yubileyinin belə geniş miqyasda qeyd edilməsi də hər bir xalqın mədəniyyətinin inkişafına partiyanın göstərdiyi qayğının təzahürlərindən biridir, ölkəmizin xalqları arasında dostluğun nümayişidir...
Bizim hamımızı, Nəsimi yubileyi münasibətilə Azərbaycan torpağına toplaşan adamların hamısını mütərəqqi ideallar, bəşəriyyətin ən yaxşı zəkalarının əsrlər boyu həsrətində olduqları əmin-amanlıq və dostluq şəraitində yaşamaq arzuları birləşdirir. Həmin ideallar və arzular bu gün gerçəkliyə çevrilmişdir...”.
1973-cü il 31 oktyabr
Heydər Əliyev İkinci Dünya müharibəsində Qafqaz uğrunda döyüşlərin 30 illiyi münasibətilə təntənəli yığıncaqda nitq söyləyib, faşizm üzərində tarixi qələbənin əldə olunması üçün Azərbaycanın oğul və qızlarının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan, o cümlədən yaradıcı insanların müharibə dövründə vətənpərvərlik ruhlu fəaliyyətindən bəhs edib.
***
Azərbaycanın görkəmlı mədəniyyət, ədəbiyyat xadimlərinin yaradıcılığı həm respublika, həm də ittifaq (SSRİ) səviyyəsində dövlət tərəfindən yüksək qiymətləndirilirdi.
1973-cü il 23 aprel
Azərbaycan sovet teatr sənəti sahəsində xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq respublikanın Xalq artisti Əli Zeynalov Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.
1973-cü il 28 iyun
Sovet ədəbiyyatı sahəsində xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq şairə Nigar Rəfibəyli Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.
1973-cü il 26 iyul
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet musiqi sənətinin inkişafinda böyük nailiyyətlərinə görə bəstəkar Soltan Hacıbəyova “SSRİ Xalq artisti” fəxri adı verilib.
1973-cü il 12 oktyabr
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan sovet təsviri sənətinin inkişafında böyük xidmətlərinə görə Qəzənfər Xalıqova respublikanın “Xalq rəssamı” fəxri adı verilib.
1973-cü il 5 noyabr
Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin qərarı ilə ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1973-cü ilin SSRİ Dövlət mükafatları verilib. Azərbaycandan şair Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev) “Dəniz zirvələrdən başlayır” şeirlər toplusu (1971) və “Şeirlər və poemalar” kitabına (1973) görə SSRİ Dövlət mükafatına layiq görülüb.
Hazırladı: V.Orxan