Təhsil İnstitutunda Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədovun və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktor müavini professor Xatirə Bəşirlinin “Xalq bayramları və inancların milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu” monoqrafiyasının təqdimatı olub.
İnstitutun direktoru kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizov, filologiya üzrə fəlsəfə doktoru Əsgər Quliyev, kitabın rəyçisi, professor Akif Abbasov, BDU-nun professoru Hikmət Əlizadə, Təhsil İnstitutunun baş elmi məsləhətçisi professor Vidadi Xəlilov, “Pedaqogika” jurnalının baş redaktoru professor Fərahim Sadıqov və başqa çıxış edənlər monoqrafiya ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd olunub ki, Azərbaycan türklərinin tarixən yaratdığı mədəniyyətin mühüm hissəsini xalq bayramları və inanclarımız təşkil edir. Bu da milli-mənəvi dəyərlərimizin formalaşmasında böyük rol oynayır. Kitabda dini, milli, xalq bayramlarımızdan başqa, mühüm və əlamətdar tarixləri özündə əks etdirən dövlət bayramlarımız haqqında da geniş məlumatlar verilir.