Xəbər verdiyimiz kimi, Macarıstanın Vesprem (Veszprém) şəhəri 2023-cü ildə “Avropanın mədəniyyət paytaxtı”dır. Vesprem bu missiyanı Rumıniyanın Timişoara və Yunanıstanın Elefsina şəhərləri ilə müştərək daşıyır.
Yanvarın 21-də Vesprem şəhərində “Avropanın mədəniyyət paytaxtı” ilinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə TÜRKSOY-un baş katibi Sultan Raev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şuşada Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, türk dövlətlərinin Macarıstandakı səfirləri də iştirak ediblər.
Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un baş katibi Sultan Raev və Türk dünyasını təmsil edən digər qonaqlar, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Macarıstandakı səfirləri ilə görüşüb.
Görüşdə türk xalqlarının əsrlərlə yaratdığı mədəni irsin geniş miqyasda tanıdılmasının Türk dünyası üçün önəminə toxunulub. Türk dünyası təşkilatlarının fəaliyyətində Macarıstanın da aktiv rol oynadığı bildirilib. Macarıstanla Türk dünyası arasında qarşılıqlı əlaqələrin inkişafına yönəlmiş mümkün layihələr haqqında müzakirələr aparılıb.
Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda təşkil etdiyi “Yıldız sarayı fotoşəkil kolleksiyasında XIX əsr Türk dünyasının mədəni irsi” sərgisinin albom-kataloqunu diplomatik nümayəndəliklərin rəhbərlərinə hədiyyə edib.
Günay Əfəndiyeva yerlı “M5” mədəniyyət kanalına müsahibəsində fondun müşahidəçi üzv ölkəsi Macarıstanla münasibətlər, eləcə də ümumtürk mədəni irsinin təbliği yönündə həyata keçirilmiş layihələr haqqında danışıb.