Zamanın səhifələrində qalan olaylar, faktlar...
193 il əvvəl...
3 fevral 1830-cu ildə Rusiya, Britaniya və Fransanın iştirakı ilə “London protokolu” imzalanıb. Razılaşmaya əsasən, Osmanlı İmperatorluğunun tərkibində olan Yunanıstana konstitusiyalı monarxiya yaratmaq imkanı tanınıb.
175 il əvvəl...
2 fevral 1848-ci ildə ABŞ-la Meksika arasındakı müharibə (1846-1848) birincinin qələbəsi ilə yekunlaşıb. Sülh sazişinə əsasən, Texas, Nyu-Meksika və Yuxarı Kaliforniya üç yeni ştat olaraq ABŞ-a birləşdirilib.
99 il əvvəl...
3 fevral (bəzi mənbələrdə 8 fevral) 1924-cü ildə Bakıda tramvay nəqliyyatı istifadəyə verilib. Azərbaycanda polad relslər üzərində ilk nəqliyyat 1883-cü ildə işə salınan Bakı-Tiflis dəmir yolu olmuşdu. 1899-cu ildə Bakıda ilk konka işləməyə başlamışdı. 1923-cü ildə elektrik tramvay xəttinin çəkilişi başlanır və 1924-cü il fevralın əvvəlində istismara verilir. 2002-ci ildə Bakıda tramvay nəqliyyatı ləğv olundu.
93 il əvvəl...
1 fevral 1930-cu ildə SSRİ Xalq Komissarları Soveti “Kütləvi kollektivləşmənin sürətləndirilməsi və qolçomaqlarla mübarizə haqqında” qərar qəbul edib. Repressiya maşını işə düşüb. Kolxoz quruculuğuna qarşı çıxanlar ya məhv edilir, ya da sürgünə göndərilirdi.
80 il əvvəl...
2 fevral 1943-cü ildə II Dünya müharibəsinin ən qanlı savaşı – 1942-ci ilin 17 iyulunda başlamış Stalinqrad döyüşü sovet qoşunlarının qələbəsi ilə başa çatıb. Altı aya yaxın sürən döyüşün coğrafiyası Rusiyanın Stalinqrad (indiki Volqoqrad), eləcə də Rostov, Voronej vilayətlərini əhatə etmişdi. Döyüşlərdə sovet qoşunları 480 minə, faşist ordu hissələri 500 minədək hərbçi itirmişdi. Həmçinin döyüş bölgələrində on minlərlə sakin həlak olmuşdu. 90 mindən çox alman hərbçisi, o cümlədən feldmarşal Fridrix Paulus və 24 general əsir götürülmüşdü. Stalinqrad zəfəri müharibədə SSRİ-nin xeyrinə dönüş yaratdı, almanların Qafqazı, o cümlədən Bakı neftini ələ keçirmək planları alt-üst oldu.
74 il əvvəl...
1 fevral 1949-cu ildə Türkiyənin paytaxtı Ankarada Azərbaycan Kültür Dərnəyi təsis edilib. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan qurum dünyadakı azərbaycanlıların təşkilatlanması sahəsində ilk mühüm addım idi.
65 il əvvəl...
3 fevral 1958-ci ildə Haaqa (Niderland Krallığı) şəhərində bir araya gələn Belçika, Niderland və Lüksemburq gələcək Avropa Birliyinin özəyi olan “Benilüks” iqtisadi ittifaqının əsasını qoyublar. Müqavilə 50 il müddətinə bağlanmışdı.
27 il əvvəl...
2 fevral 1996-cı ildə Bakıda Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda Prezident Heydər Əliyev iştirak edib. Bir il sonra (1 fevral 1997-ci il) Prezident Heydər Əliyev həmin əlamətdar hadisəni və dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu nəzərə alaraq 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi barədə sərəncam imzalayıb.
19 il əvvəl...
3 fevral 2004-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə “Gülüstan” sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyəsi üzrə son sənədlərin imzalanma mərasimi keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC-nin kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan paket 78 müxtəlif tərəfin imzası olan 208 maliyyə sənədindən ibarət idi.
Hazırladı: V.Orxan