Şair Əli Kərimin kitablarının təqdimat mərasimi keçirildi
Beynəlxalq Muğam Mərkəzində Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə görkəmli şair Əli Kərimin (1931-1969) xatirə gecəsi və Azərbaycan, türk və rus dillərində çap edilmiş kitablarının təqdimat mərasimi keçirildi.
Yanvarın 27-də gerçəkləşən tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi olan Əli Kərimin yaradıcılığından, onun ədəbiyyat tariximizdəki yerindən söz açdı. Türk dünyasının tarixi şəxsiyyətlərinin tanıdılması istiqamətində görülən işlərin önəmindən danışan millət vəkili qeyd etdi ki, tərcümə olunmuş kitablarla Əli Kərimin poeziyası bundan sonra daha geniş coğrafiyada oxunacaq, təbliğ olunacaq.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev şairin yaradıcılığının özünəməxsusluğundan danışdı, onun şeirlərinin dillər əzbərinə çevrildiyini dedi: “Əli Kərim Azərbaycan poeziyasında dərin iz buraxmış, özünün ayrıca dəst-xətti olan unudulmaz bir şairdir. O, yaşadığı qısa ömründə olduqca maraqlı yaradıcılıq nümunələri ərsəyə gətirib”.
Vaqif Əliyev bu cür tədbir və təqdimatları Azərbaycan ədəbiyyatının təbliğində mühüm addım kimi səciyyələndirdi.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalı Əli Kərim yaradıcılığına nəzər saldılar. Qeyd olundu ki, o, nədən, hansı mövzuda yazırsa-yazsın, bənzərsiz yazmağı bacarırdı...
Şairin oğlu, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.
Tədbirin bədii hissəsində şairin şeirləri oxundu.
Lalə Azəri