“Heydər Əliyev İli” münasibətilə regional mədəniyyət idarələrinin (RMİ) əhatə etdiyi müəssisələrdə müxtəlif tədbirlər təşkil olunur, Ulu öndərin siyasi lider və müdrik dövlət xadimi kimi Azərbaycan tarixində silinməz iz qoyduğu vurğulanır.
Biləsuvar RMİ-nin təşkilatçılığı, Neftçala rayon Camal İsmayılov adına Uşaq incəsənət məktəbinin təşəbbüsü ilə “Heydər Əliyevin Azərbaycan milli musiqisinin dünya klassik musiqi səviyyəsinə yüksəldilməsində rolu” adlı gənc ifaçıların regionlararası müsabiqəsi keçirilib. Müsabiqədə Biləsuvar, Lənkəran, Masallı, Kürdəmir, Sabirabad RMİ-lərin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən ümumilikdə 73 şagird iştirak edib. Biləsuvar RMİ-nin rəisi Əlisultan Sadıxov iştirakçıları salamlayıb, Ümummilli liderin Azərbaycan mədəniyyətinin inkişafına diqqət və qayğısından bəhs edib. Müsabiqənin yekununda qaliblər diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.
***
İsmayıllı RMİ. Qəbələ Rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev – tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib. Çıxış edənlər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu söyləyiblər. Qeyd edilib ki, Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunub.
***
Kürdəmir RMİ. Füzuli rayon nümayəndəliyinin təşkilatçılığı ilə Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində “Əbədiyaşar lider” adlı tədbir keçirilib. Ulu öndərin həyatı və dövlətçilik tariximizdə misilsiz xidmətlərindən bəhs edən kitab və fotolardan ibarət sərgi təşkil edilib, videoçarx nümayiş olunub.
İmişli Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Axıcanlı kənd klubunda “Dahi insan” adlı tədbir keçirilib. Şagirdlər müdrik dövlət xadiminə həsr olunmuş şeirlər söyləyiblər, “Əbədiyyət yolu” sənədli filmi nümayiş etdirilib.
***
Şəki RMİ. Zaqatala Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Çobankol kənd Mədəniyyət evində “Azərbaycanın xilaskarı” başlığı altında tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli siyasi irsi xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
***
Gəncə RMİ. Goranboy Rayon Mədəniyyət Mərkəzinin Məşədiqaralar kənd Sənətkarlıq evində keçirilən “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlı tədbirdə Ulu öndərin həyat yolu və siyasi fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub.
***
Masallı RMİ. Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində “Nə? Harada? Nə zaman?” bilik yarışının rayon birinciliyi keçirilib. Gənclərdən ibarət 8 komandanın mübarizə apardığı yarışda “Turist”, “Öndər” və “Uğur” komandaları ilk üç yeri qazanıb. Qaliblər kubok və diplomlarla mükafatlandırılıb.
Yardımlıdakı Heydər Əliyev Mərkəzi və rayon Statistika İdarəsinin birgə təşkilatçılığı ilə “Bir dahinin həyat yoluna səyahət” adlı layihə üzrə ilk tədbir keçirilib. “Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib, “Unudulmaz dahi” adlı sərgiyə baxış olub.
***
Ağdaş RMİ. Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanası və Zərdab Gənclər evi sosial xidmət mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev dühası və qüdrətli Azərbaycan” başlığı altında tədbir keçirilib.
***
Ağstafa RMİ. Qazax Tarix-Diyarşünaslıq Muzeyi, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəniyyət” mövzusunda tədbir keçirilib. Bildirilib ki, Ulu öndər hər zaman xalqın mədəni dəyərlərinin, milli sərvətlərinin qorunması və təbliğinə qayğı ilə yanaşıb.
Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbdə “Ulu öndər Heydər Əliyevin siyasi irsi milli sərvətimizdir” mövzusunda mühazirə təşkil edilib.
***
Ağcabədi RMİ. 2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Ağcabədidəki Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Çıxış edənlər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıblar.
Nurəddin Məmmədli