Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1974-cü il 11 iyun

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Bakı şəhəri Leninneft seçki dairəsindən 9-cu çağırış SSRİ Ali Sovetinin deputatlığına namizəd kimi seçicilərlə görüşdə nitq söyləyib, respublikada mədəniyyət sahəsinin inkişafından da söz açıb. Həmin il iyunun 16-da keçirilən seçkilərdə Heydər Əliyev SSRİ Ali Sovetinin deputatı seçildi.

“Elm və mədəniyyətin inkişafında böyük nailiyyətlər qazanılmışdır... Yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız Vətəni, zəhmətkeş sovet adamını, Azərbaycan xalqının zəngin ənənələrini və şanlı tarixini tərənnüm edən yeni-yeni kamil sənət əsərləri yaratmışlar.

Azərbaycanda RSFSR ədəbiyyatı və incəsənəti günləri, Bakıda keçirilən VII Ümumittifaq kinofestivalı, Azərbaycan teatrının 100 illiyi böyük ictimai-siyasi hadisə oldu, mədəniyyətin, xalqlar arasında qardaşlıq və dostluğun unudulmaz bayramına çevrildi...”.

 

1974-cü il 28 avqust

 

Heydər Əliyev Sovet İttifaqının aparıcı ali məktəblərinə oxumağa gedən azərbaycanlı tələbələrlə görüşüb.

 

1974-cü il 4 oktyabr

 

Heydər Əliyev Naxçıvan MSSR-nin yaradılmasının 50 illik yubileyi və SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq fərmanı ilə muxtar respublikaya “Oktyabr İnqilabı” ordeninin   təqdim olunması münasibətilə Naxçıvan şəhərində keçirilən təntənəli yığıncaqda nitq söyləyib. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın bütün bölgələri kimi, Naxçıvan da ahəngdar inkişaf yolu keçmişdi. Heydər Əliyev 1970-1982-ci illərdə muxtar respublikaya 4 dəfə (1974, 1978, 1980, 1982) səfər etmiş və hər səfərdə bölgənin gələcəyi üçün mühüm qərarlar qəbul edilmişdi.

“...Naxçıvan yarım əsr ərzində böyük və şanlı yol keçib. 50 il tarixcə bir an kimidir. Lakin iqtisadi, ictimai, siyasi və mədəni tərəqqi pillələri ilə yüksəlişimizin hər ili on illərə bərabərdir...

... Müharibədən sonrakı beşilliklərdə bütün Azərbaycan zəhmətkeşləri kimi Naxçıvan zəhmətkeşləri də iqtisadi, ictimai-siyasi və mədəni inkişafın yeni zirvələrini fəth etdilər... Müasir klubların, kitabxanaların, muzeylərin, teatrların, mədəniyyət saraylarının geniş şəbəkəsi mədəniyyət işığını kütlələr içərisində yayır.

Naxçıvanda xalq ziyalıları yetişmişdir. Burada minlərlə müəllim və həkim, mühəndis və texnik, kənd təsərrüfatı mütəxəssisi, alim, ədəbiyyat və incəsənət xadimi yaşayıb-yaradır. Azərbaycan xalqı ədəbiyyat, elm və mədəniyyətimizin görkəmli naxçıvanlı nümayəndələri olan böyük maarifçi-humanist Cəlil Məmmədquluzadə, Azərbaycan sovet inqilabi romanının banisi Məmməd Səid Ordubadi, çoşqun ilhamlı şair-dramaturq Hüseyn Cavid və görkəmli sovet alimi Yusuf Məmmədəliyevlə haqlı olaraq fəxr edir.

Respublikanın mədəni həyatında heyrətamiz dəyişikliklər baş vermişdir. Keçmişə aid acınacaqlı bir fakt gətirmək istəyirəm: inqilabdan əvvəl bir nəslin ömrü müddətində naxçıvanlıların hər 100 nəfərindən 98 nəfəri savadsiz idi. Bizim həyatımıza, sovet dövrü həyatına aid fakt isə belədir: indi Naxçıvan MSSR də müxtəlif təhsil növlərinə 70 mindən artıq adam cəlb olunmuşdur. Başqa sözlə desək, əhalinin hər üç nəfərindən biri təhsil alır. Naxçıvan Pedaqoji İnstitutunun açılması, Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzinin yaradılması respublikanın mədəni yüksəlişinə qayğı və diqqətin ifadəsidir.

İndi Naxçıvan dinamik inkişaf edən çoxsahəli iqtisadiyyatı, inkişaf etmiş ictimai strukturu, yüksək səviyyəli maarif, səhiyyə və mədəniyyəti olan muxtar respublikadır...”.

 

***

 

Azərbaycanda mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafına töhfələr verən yaradıcı insanlar yüksək dövlət təltiflərinə, fəxri adlara layiq görülürdü.

 

1974-cü il 17 yanvar

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan sovet ədəbiyyatının inkişafında və təbliğ edilməsində böyük xidmətlərinə görə Nikolay Semyonoviç Tixonova Azərbaycanın “Xalq şairi” adı verilib. Rus şairi N.Tixonov Azərbaycan şairlərinin bir çox əsərlərini rus dilinə tərcümə etmişdi.

 

1974-cü il 1 iyun

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə teatr sənətinin inkişafinda xidmətlərinə görə və Azərbaycan teatrının 100 illiyi ilə əlaqədar olaraq bir qrup teatr xadimi fəxri adlara layiq görülüb.

“Xalq artisti” fəxri adı – Sofya Bəsirzadə-Vəzirova, Məlik Dadaşov, Nəcibə Məlikova, Məmmədrza Şeyxzamanov (Azərbaycan Dövlət Akademik Dram Teatrının artistləri); Tofiq Kazımov (Akademik Dram Teatrının baş rejissoru); Məmməd Quliyev (C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrı); Nina Sarnatskaya (Dövlət Rus Dram Teatrının artisti).

“Xalq rəssamı” – Bədurə Əfqanlı-Cəfərova (teatr rəssamı).

“Əməkdar incəsənət xadimi” – Rahib Hüseynov (Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru); Əşrəf Quliyev (Akademik Dram Teatrının rejissoru).

Həmçinin bir qrup şəxsə “Əməkdar artist” və “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.

Uzun illər səmərəli fəaliyyətlərinə görə və Azərbaycan peşəkar teatrinin 100 illiyi ilə əlaqədar olaraq bir qrup şəxs Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmani ilə təltif ediliblər. Təltif olunanlar arasında tanınmış artistlər, yazıçı-dramaturq və pedaqoqlarla yanaşı teatra ömürlərini vermiş qrimçi, biletçi, zal nəzarətçisi, hətta yanğından mühafizə üzrə təlimatçı kimi texniki işçilər də vardı.

 

1974-cü il 1 avqust

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet teatr sənətinin inkişafında böyük nailiyyətlərinə görə Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti İsmayıl Osmanlıya “SSRİ Xalq artisti” fəxri adı verilib.

 

1974-cü il 7 avqust

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet teatr sənətinin inkişafında böyük nailiyyətlərinə görə Azərbaycan Dövlət Akademik Dram Teatrının rejissoru Mehdi Məmmədova “SSRİ Xalq artisti” fəxri adı verilib.

Hazırladı: V.Orxan

(davamı var)