Azərbaycan Turizm İnstitutunun (ATİ) və Avstriyanın Vyana Universitetinin Beynəlxalq marketinq departamentinin mütəxəssisləri may ayında Bakıda keçirilən «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar birgə tədqiqat aparıblar. ATİ-nin prorektoru Eldar Aslanovun bildirdiyinə görə, müsabiqənin ölkəmizin imicinə və iqtisadiyyatına təsirini analiz etmək məqsədilə reallaşdırılan tədqiqata institutun 20-dək tələbə və əməkdaşı cəlb edilib. Tədqiqat “Eurovision-2012” müsabiqəsi ilə bağlı ölkəmizə gəlmiş turistlər, habelə Azərbaycan haqqında kütləvi informasiya vasitələri hesabına məlumatları olan avropalılar arasında aparılıb.
   İlkin tədqiqatlar göstərib ki, “Eurovision-2012” müsabiqəsi Avropada Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə kömək edib. Turistlər üçün Azərbaycan, xüsusilə Bakı yeni turizm məkanı kimi cəlbedici olub. Azərbaycan haqqında mətbu orqanlarda dərc edilən yazılar ölkəmizin Avropa coğrafiyasında daha kütləvi tanınmasına imkan verib.
   Tədqiqatların nəticələri göstərir ki, əvvəllər Azərbaycanı Avropada yalnız bu sahə üzrə mütəxəssislər tanıdığı halda, artıq istənilən bir Avropa ölkəsinin vətəndaşı Azərbaycanı, Bakını tanıyır. Tədqiqat zamanı turistlərin Azərbaycan haqqında pozitiv fikirdə olduqları məlum olub. Həmsöhbətimiz qeyd etdi ki, hazırda tədqiqat yekunlaşıb, nəticələr ümumiləşdirilmə mərhələsindədir. İyunun sonu - iyulun əvvəlində nəticələrin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

   Fəxriyyə