Azərbaycan

 

8 fevral 1928 – Əməkdar memar Nazim Məmməd oğlu Hacıbəyov (1928 – 23.3.2020) Bakıda doğulub. “Gülüstan” sarayının layihəsinə görə respublika Dövlət mükafatına (1982) layiq görülüb. Azərbaycan Memarlar İttifaqı sədrinin birinci müavini olub.

8 fevral 1929 – Xalq rəssamı Məmmədağa Hüseynağa oğlu Hüseynov (1929 – 20.1.2002) Bakıda doğulub. Kino rəssamı kimi tanınıb, 20-dən çox filmə (“Səhər”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Bizim Cəbiş müəllim” və s.) bədii tərtibat verib.

8 fevral 1992 – Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (23.3.1920 – 1992) vəfat edib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953-1957) olub.

8 fevral 2018 – Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva (7.11.1945 – 2018) vəfat edib.  Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında, filmlərdə maraqlı obrazlar yaradıb.

8 fevral 2022 – Əməkdar rəssam, pedaqoq Fikrət Məmməd oğlu Həşimov (19.2.1948 – 2022) vəfat edib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru olub.

8 fevral 2022 – Əməkdar mədəniyyət işçisi, miniatürçü Fəxrəddin Vəli oğlu Əli (10.5.1938 – 2022) vəfat edib. AMEA Əlyazmalar İnstitutunun baş rəssamı olub.

 

9 fevral 1909 – Əməkdar artist, müğənni Cahan Rza qızı Talışinskaya (1909 – 1.3.1967) Lənkəranda anadan olub. Musiqili Komediya Teatrında işləyib.

9 fevral 1924 – Xalq rəssamı, heykəltəraş Mirələsgər Mirəsədulla oğlu Mirqasımov (1924 – 9.11.2003) Bakı şəhərində anadan olub. Cəlil Məmmədquluzadənin (Naxçıvan), Cəfər Cabbarlının (Bakı) monumental abidələrinin müəllifidir.

9 fevral 1925 – Əməkdar artist, müğənni Rəhilə Mirələsgər qızı Həsənova (1925 – 28.2.2004) anadan olub.

9 fevral 1935 – Xalq rəssamı Cabbar Ağadadaş oğlu Qasımov (1935-2006) Bakıda doğulub. Bədii portretlər, plakatlar çəkib. Rəssamlar İttifaqında plakat bölməsinin rəhbəri olub.

9 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) Göyçayda anadan olub. “Aldanmış kəvakib” satirik operasının müəllifidir.

9 fevral 1937 – Kinorejissor Ramiz Paşa oğlu Əsgərov (1937 – 27.7.1967) anadan olub. “Mən ki gözəl deyildim” filminin rejissorlarından biridir, filmin çəkilişi zamanı həlak olub.  

9 fevral 1946 – Əməkdar artist Əsgər Məmmədoğlu (1946 – 21.12.2015) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

9 fevral 2012 – Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

10 fevral 1918 – Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. Detektiv əsərlərin müəllifidir: “Brilyant məsələsi”, “Sahil əməliyyatı” (əsər əsasında “İstintaq davam edir” filmi çəkilib), “Qara “Volqa” və s. 

10 fevral 1927 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995) Qəbələdə doğulub.

10 fevral 1928 – Əməkdar artist, vokalçı Cavanşir Qafarağa oğlu Qafarov (1928-1994) Gədəbəydə anadan olub. Opera və Balet Teatrında çalışıb.

10 fevral 1931 – Tanınmış müğənni Anatollu Mirzə Heydər oğlu Qəniyev (1931 – 1.10.1985) Neftçala rayonunda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

10 fevral 2017 – Prezident İlham Əliyev dünya şöhrətli musiqiçi, SSRİ Xalq artisti Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

10 fevral 2021 – Əməkdar artist, aktyor Əlican Süleyman oğlu Əzizov (13.2.1952 – 2021) vəfat edib.

 

Dünya

 

8 fevral 1828 – Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne; 1828 - 24.3.1905) anadan olub. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.

8 fevral 1928 – Rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.

 

9 fevral 1441 – Böyük özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 – 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.

9 fevral 1874 – Alman əsilli rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Meyerhold (Karl Kasimir Theodor Meyerhold; 1874-1940) anadan olub.

9 fevral 1881 – Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 – 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” və s. romanların müəllifidir.

 

10 fevral 1890 – Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1958) Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub.

10 fevral 1898 – Alman dramaturqu, rejissor və teatr nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898-1956) anadan olub.

Hazırladı: V.Orxan