Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesinin növbəti tamaşası Xalq artisti Rafiq Əzimovun anadan olmasının 85 illik yubileyinə və səhnə fəaliyyətinin 60 illiyinə həsr olunub.
Fevralın 5-də nümayiş olunan tamaşada yubilyar da səhnəyə (Mirzə Ruhullah rolunda) çıxıb.
Tamaşadan öncə Rafiq Əzimova Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının təbrik məktubu və Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı təqdim olunub.
Səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.
Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onu həm doğma Qarabağın, Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır. Tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib.
Baş rolu Xalq artisti Məleykə Əsədovanın oynadığı tamaşada qocaman aktyor Rafiq Əzimovla yanaşı Xalq artistləri Kazım Abdullayev, Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov, aktyorlar Elçin Əfəndi, Vüsal Mustafayev, Ramin Şıxəliyev, Lalə Süleymanova, Məhsəti Tahirzadə, Rüstəm Rüstəmov, Tural İbrahimov iştirak ediblər.
Qeyd edək ki, Xalq artisti Rafiq Əşrəf oğlu Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. Uzun illər Akademik Milli Dram Teatrında çalışmaqla yanaşı, həmçinin kinoda (“Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s.), televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.