Zamanın səhifələrində qalan olaylar, faktlar...
260 il əvvəl...
10 fevral 1763-cü ildə Britaniya, Portuqaliya, Fransa və İspaniyanın iştirak etdiyi “Yeddillik müharibə” (1756-1763) başa çatıb. Paris sülh müqaviləsinin şərtlərinə əsasən, Fransa Kanada üzərində idarəçiliyi Britaniyaya, Kubanı isə İspaniyaya təhvil verməli olub. Öz növbəsində Britaniya Filippini İspaniyaya verib, əvəzində Floridanı (ABŞ-nin gələcək ştatı) əldə edib.
228 il əvvəl...
9 fevral 1795-ci ildə çar III Pyotrun fərmanı ilə Rusiya-Türkiyə müharibəsi nəticəsində Qara dəniz sahilində ələ keçirilmiş Hacıbəy limanının adı dəyişdirilərək Odessa qoyulub.
217 il əvvəl...
8 fevral 1806-cı ildə çar Rusiyasının Qafqazdakı işğalçı qoşunlarının komandanı, Azərbaycan torpaqlarının istilasında xüsusi amansızlıq göstərmiş general Pavel Sisianov Bakının Qala qapısı yanında qətlə yetirilib. Sisianov şəhərin təslim edilməsi barədə Bakı xanı Hüseynqulu xanla danışıqlar apararkən xanın qardaşı oğlu Aslan bəy tərəfindən öldürülmüşdü. Bundan sonra rus qoşunlarının hücumları xüsusilə amansız oldu. 1806-cı ilin oktyabrında Bakı işğal edildi.
195 il əvvəl...
10 fevral 1828-ci ildə Rusiya ilə İran arasında müharibənin (1826-1828) yekunlarına dair Türkmənçay müqaviləsi bağlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya tərəfdən general İvan Paskeviç, İran tərəfdən şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Bundan öncə Gülüstan müqaviləsi (12 oktyabr 1813-cü il) ilə Şimali Azərbaycanın digər xanlıqları Rusiyaya birləşdirilmişdi.
Sülh müqaviləsindən iki gün öncə, 8 fevralda rus qoşunları Ərdəbilə daxil olmuş, şəhərin tarixi-mədəni irsi yağmalanmışdı. O cümlədən Şeyx Səfi məqbərəsindən qədim əlyazmalar Sankt-Peterburqa aparılmışdı.
99 il əvvəl...
9 fevral 1924-cü ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda “Araz Türk Cümhuriyyəti” adlı qurum yaranmışdı. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə (1921-ci ilin Moskva və Qars müqavilələri) bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğu təsbitləndi. 1923-cü ildə muxtar diyar adlanan Naxçıvan bir il sonra muxtar respublika statusu aldı.
25 il əvvəl...
10 fevral 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edilib. Prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi qanun layihəsi Milli Məclisdə qəbul olunub. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra ölüm hökmlərinin icrasına moratorium qoyulmuşdu. Azərbaycan müsəlman ölkələri arasında birinci olaraq bu humanist addımı atdı.
Hazırladı: V.Orxan